Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi"nin futbolçuları sanki futboldan küsüblər"

"Neftçi"nin futbolçuları sanki futboldan küsüblər"

"Gəldiyim iki saat ərzində futbolçularla həm komanda şəklində, həm də təklikdə söhbət etmişəm və inamsızlığın daha çox olduğunu gördüm. Nə özünə inam var, nə komanda yoldaşına. Sanki futboldan küsüblər. İstər-istəməz bunu bərpa etmək böyük bir vaxt tələb edir və bizim də kifayət qədər vaxtımız yoxdur".

BrendSport.az xəbər verir ki, bu sözləri "Report"a müsahibəsində "Neftçi"nin yeni baş məşqçisi Tərlan Əhmədov verib.

- "Neftçi"yə baş məşqçi təyinatınız necə baş verdi? Nə vaxtdan danışıqlar aparırdınız?

- Bir neçə gün bundan əvvəl də rəhbərlik səviyyəsində görüşümüz oldu. Məsləhət görüldü ki, artıq sentyabrın 11-dən komandanı təhvil alım.

- 2013-cü ildə tərk etdiyiniz "Neftçi" ilə indiki "Neftçi" arasında nə qədər fərq var?

- Çox böyük fərq var. Futbolda hər şey ola bilər. Elə komanda var ki, liderlər siyahısında gedir, ancaq birdən-birə qara zolağa düşür. Amma, o dövrdən bu dövrə qədər çox şey dəyişib. O zaman "Neftçi" hər il çempion olurdusa, sonrakı illərdə artıq "Qarabağ" bunu etməyə başladı. Bəli, əvvəlki "Neftçi" ilə indiki arasında həddindən artıq böyük dəyişikliklər var. O zaman həm yerli futbolçular, həm də legionerlər yüksək səviyyədə idi. Hazırda komandada çıxış edən futbolçulara baxanda, bu oyunçuların onlardan geri qaldığını demək olmaz. Sadəcə olaraq, komandada psixoloji düşüş, özlərinə, komanda yoldaşlarına qarşı inamsızlıq var. Ümumilikdə isə hər biri normal futbolçudur. Keçmişlərini vərəqləyəndə görürsən ki, Avropanın böyük klublarında oynamasalar da, qitə futboluna bələddirlər. Bir sözlə, o futbolçularla indikilər arasında böyük fərq var ki, bu da psixoloji düşüşdür.

- Son illərdə AZAL klubunda da işləmisiniz. Dünənki oyunu kənardan izlədiniz. Sizcə komandanın uğursuzluğunun səbəbi nədir?

- Çox səbəb var. Bu komandada hər şey sıfırdan başlayır. Açığı, rəhbərliklə görüşəndə də bildirdim ki, bu komandada hər şey sıfırdan başlayır. Təsəvvür edin ki, komanda hər bir cəhətdən rəqiblərindən geri qalır. Psixoloji, fiziki, taktiki cəhətlərdən, komanda yoldaşına, özünə, rəhbərliyə, məşçiyə inamsızlıq var. Gəldiyim iki saat ərzində futbolçularla həm komanda şəklində, həm də təklikdə söhbət etmişəm və inamsızlığın daha çox olduğunu gördüm. Nə özünə inam var, nə komanda yoldaşına. Sanki futboldan küsüblər. İstər-istəməz bunu bərpa etmək böyük bir vaxt tələb edir və bizim də kifayət qədər vaxtımız yoxdur. "Neftçi" də nəticəyə oynayan komandadır. Dörd oyuna bir xal toplamasına baxmayaraq, komanda qarşıdakı oyunları fikirləşir. Klubu uğursuzluqdan çıxarmaq üçün yavaş-yavaş bu problemləri aradan götürmək lazımdır. Birinci növbədə futbolçu özünə, daha sonra komanda yoldaşına inamı bərpa etməlidir və ən əsası məğlub olmaq, rəqibdən qorxmaq hissi aradan qaldırılmalıdır. Bunlar aradan götürüldükdən sonra komanda öz sözünü deyəcək.

- Futbol ictimaiyyətində "Neftçi"nin "zəif bəndi" kimi legionerlər göstərilir. Sizcə, bu legionerlər komandanın səviyyəsinə layiqdir?

- Gəlin, bu gün heç kimin səviyyəsinə və mənliyinə toxunmayaq. Əgər, bu gün buradadırlarsa, demək ki, seçilib və yaxşıların yaxşısı kimi komandaya gətiriliblər. Bu futbolçularla da çalışıb nəyəsə nail olmaq lazımdır. Komandada təkcə legionerlər yox, bütün kollektiv oynayır və hər kəs cavabdehlik dayışır. Futbolçularla bərabər məşqçilər, rəhbərlik də məsuliyyət daşıyır. Deyək ki, legionerləri kənarda qoyub yerli futbolçuları oynadaq, ancaq dünən də heyətdə yerli futbolçular idi və yenə də məğlub oldular. Problem təkcə legionerlər və yerli futbolçularda deyil. Burada problem qlobaldır. Nə iş olub, nə baş verib artıq onları kənara qoyaq. Hazırda işimiz o problemləri qabartmaq yox, həll etməkdir. Bu baxımdan, legionerlərin pis çıxış etdiyini deməzdim. Məşqlərdə də görürsən ki, səviyyə baxımından normal futbolçulardır. Bunun kökü hardan gəlir və sair məsələləri biz artıq yaddan çıxarmalıyıq və yenilik etməliyik. Komandanı psixoloji durumdan çıxarıb, birliyini əldə etməliyik. Həm yerli futboolçular, həm də legionerlər bir-birini başa düşməlidir, aralarında mehribanlıq olmalıdır. Bu, futboldur. Futbolun milliyyəti olmur. "Bu legionerdir, bu yerlidir" məsələsi artıq qəbul olunmur. Biz iş görürüksə, bunu hamımız birgə etməliyik. O nöqteyi-nəzərdən də mən bu məsələ ilə razı deyiləm.

- "Sumqayıt"la dünən keçirilən oyunu izlədiniz. Sizcə bu "Neftçi"ni müstəqillik dönəminin ən zəif "Neftçi"si adlandırmaq olar?

- Xeyr, "Neftçi"nin ən zəif dövrləri bundan əvvəl də olub. 1991-1992-ci illərdə də həmin hallar yaşanıb. Müstəqillik dövründə uzun müddət "Neftçi"nin məktəbi olub və hər zaman futbolçular oraya can atıb. 2014-cü ilə qədər "Neftçi" elə "Neftçi" idi. Ancaq sonradan nə oldusa, komanda getdikcə zəiflədi və "Qarabağ" hegemonluğa başladı. Yəni, "Qarabağ"ın dövrü başladı. Məncə, dünənki oyunda "Neftçi"nin zəif çıxış etməsinin səbəbi futbolçuların əvvəlki oyunların təsirindən çıxa bilməmələri və özlərinə qapanmaları idi. Belə götürsək, dünən komanda 76-cı dəqiqədən sonra normal futbol oynamağa başladı. Ardıcıl epizodlar təşkil etdilər və rəqibi məcbur etdilər ki, müdafiəyə çəkilsin. Ümumilikdə, bir səhv oldu ki, o da məğlubiyyətə gətirib çıxardı. Bəlkə də, o səhv olmasaydı "Neftçi" qol vurardı. Yəni, sırf bir oyuna görə demək olmaz ki, komanda müstəqillik dönəminin ən zəif "Neftçi"sidir. Çalışacağıq ki, bu problemləri aradan götürək.

- AZAL-da çalışdığınız zaman komanda I diviziona düşsə də, həm jurnalistlərin, həm də futbol ictimaiyyətinin hörmətini qazandınız. Bu hörməti "Neftçi"də itirməkdən qorxmursunuz? Çünki sizdən əvvəl gəlib-gedən baş məşqçilərin aqibəti yaxşı olmayıb...

- Başa düşürəm. AZAL-a gedəndə də deyirdilər ki, "Tərlan pula görə gedir". Əgər qorxsaydım ki, karyeram sual altında qalır, AZAL-ın 150 minlik büdcəsi mənə deyiləndə, imtina edərdim. Bilirsiniz ki, mən çətin işdən qorxmuram. Hara və nə vaxt getmişəmsə, ən ağır vəziyyətində getmişəm. Bu gün də "Neftçi"yə gələndə bilirdim ki, vəziyyət nə yerdədir. Tərlan olmasaydı, başqası bura gələcəkdi. Bunu hamımız yaşaya bilərdik. Mənim hər hansı bir çətinlikdən qorxacağım yoxdur. Hamı bilir ki, bu komandanı Tərlan Əhmədov yığmayıb. Mən özümlə bir futbolçu gətirmişəm ki, o da, Rəşad Sadiqovdur. Bu, mənim təşəbbüsümlə olub. Bir neçə saatdır ki, futbolçularla söhbət edirəm, onların problemlərini dinləyirəm. Məni nə qədər çətin işin gözlədiyini hamıdan yaxşı bilirəm. Həyatda hər zaman çətin işdən yox, asan işdən qorxuram. Çünki asan iş insanı faciəyə aparır. Hər şeyə iddialı olan komandada işləməyə nə var ki? Əsas odur ki, bu gün komanda çətin vəziyyətdədir və gəlmişəm ki, kömək edəm.

- "Neftçi"yə nə qədər müddət qoyursunuz ki, bu qədər vaxtdan sonra "Qarabağ"a, "Qəbələ"yə rəqib olacaq?

- Gəlin, hadisələri qabaqlamayaq. Mənim hazırda əsas fikrim qışadək maksimum xal toplamaqdır. Bundan sonra yavaş-yavaş, özümüz fiziki, taktiki hazırlıqlar keçdikdən sonra, mən sizə deyəcəyəm ki, "Neftçi" nə zaman "Qarabağ"la, "Qəbələ" ilə başabaş mübarizə apara bilər. Məğlub olsaq belə, onlardan çəkinməyərək, futbol oynayacağıq.

- Məşqçilər korpusunda dəyişikliklər olacaq?

- Hələ ki, planımda yoxdur. Ola bilər ki, bir məşqçi dəyişikliyim olsun. Onu da hazırda axtarıram. Çalışıram ki, normal səviyyəli bir məşqçi olsun. Hazırda Rauf Salamov, Novruz Əzimov və İqor Getmanla hamımız birlikdə işləyirik.

- Planınızda Rəşad Sadiqovdan başqa futbolçu varmı ki, komandaya gətirəsiniz?

- Xeyr. Hazırda açığını deyim ki, büdcə də yoxdur. Bircə Rəşad Sadiqovdur və yaxın günlərdə ola bilsin ki, Emin Mahmudov məsələsi həll olunsun. Yəni, indi büdcəmiz əl vermir ki, biz əlavə oyunçu alaq. Ən yaxşısını rəhbərlik bilər.


Facebook-da paylaş

Xəbəri paylaş