Elxan Abdullayev: İstəsələr, qayıdaram – MÜSAHİBƏ
“Neftçi” klubunun sabiq çalışdırıcısı və Azərbaycan millisinin keçmiş məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi
- “Neftçi”dən ayrıldıqdan sonra nə işlə məşğul olursunuz?
- Futboldan bir qədər uzaq düşmüşəm. Demək olar ki, heç nə etmirəm.
- Yenidən milli komandaya köməkçi-məşqçi kimi dönməyiniz mümkündümü?
- Bu barədə nəsə deyə bilmərəm. Yığmanın baş məşqçisi, rəhbərliyi var. Əgər istəsələr, əlbəttə ki, qayıdaram. Ancaq hələ belə bir söz-söhbət yoxdu.
- “Neftçi”nin yeni mövsümdə uğurlu çıxış etməsi üçün millidəki işinizi qurban verdiniz. Ancaq mövsümün əvvəlindəcə paytaxt klubundan ayrıldınız. İndi millidən getdiyiniz üçün peşman deyilsiniz?
- Əlbəttə ki, hər bir məşqçi millidə işləmək istəyir. Amma insan hansı addımı atır-atsın, peşman olmamalıdı. Bu, həyatdı, belə alındı. Bu səbəbdən keçmişdə qalan bir şey haqda danışmaq düzgün deyil.
- Sizin gedişinizdən sonra da “Neftçi”nin oyununda müsbətə doğru bir dəyişiklik hiss olunmur. Bəlkə problem baş məşqçidə deyildi?
- Mən “Neftçi”dən ayrılmışam və bu, tarixdə qalan bir şeydi. İstəməzdim ki, “Neftçi”nin oyununu təhlil edim, nəsə danışım. Nəyin yaxşı, nəyin pis olduğunu vaxt göstərəcək.
- Yerinizə Elşad Əhmədov gətirilib. Sizcə, Əhmədov bu yükü qaldıra bilərmi?
- Elşad Əhmədov da, başqa məşqçi də gəlsə, onun işinin uğurlu olmasını istəyərdim. Çünki ortada “Neftçi” var. Baş məşqçi kim olur-olsun, ona “Neftçi”ni yüksəltməyi arzulayıram.
- “Neftçi”nin baş məşqçisi postuna son vaxtlar Rəşad Sadıqovun da adı hallanır. Sizcə, baş məşqçi kimi elə böyük təcrübəsi olmayan Sadıqov komandanı bu durumdan çıxara bilərmi?
- Rəşad çox gözəl futbolçu və insandı. O, əsl peşəkardı. Mən istəyərdim ki, Rəşad hansısa komandada çalışsın. Nə olsun ki, təcrübəsi yoxdu. Təcrübə çalışdıqca toplanılır. Əgər Rəşad hiss edirsə ki, indi məşqçilik edə bilər, bunu bacaracağına inanıram. “Qarabağ”ın U-19 komandasını çempion etdi, artıq “Pro” kateqoriyasını oxuyur. Niyə də olmasın? Onda hər şey alına bilər.
- İndiki vəziyyətdə “Neftçi”yə getməklə məşqçilik karyerasını “yandırmaz”?
- Bu sualın cavabını Rəşad özü verə bilər. İnanıram ki, Rəşad Sadıqov gələcəkdə yaxşı məşqçi olacaq.
- Milli komandamız DÇ-2018-in seçmə mərhələsində Norveç səfərindəki uğursuz çıxışdan sonra San Marino üzərində böyükhesablı qələbə qazandı. Siz bu nəticələri gözləyirdinizmi?
- Birincisi, millimiz tarix yazdı. İndiyə qədər heç vaxt bir seçmə mərhələdə 10 xal yığmamışdıq. Bu, böyük nəticədi. Düzdü, Norveçdə komandamız elə də yaxşı çıxış etmədi. Ancaq qeyd etmək lazımdı ki, Norveç, bəlkə də, ən yaxşı oyununu bizə qarşı keçirdi. O ki qaldı San Marino ilə görüşə, belə oyun sürpriz deyildi. Düzdü, 5:1 hesabını çoxları gözləmirdi. Lakin hamı qələbədən əmin idi. Millimizi təbrik edirəm. Qarşıda daha 2 oyun var və düşünürəm ki, komandamız xal ehtiyatını bir qədər də artıra bilər.
- Berti Foqts hər açıqlamasında Azərbaycan yığması ilə qazandığı 9 xalı “gözə soxur”, bununla öyünürdü. Hər iki baş məşqçi ilə çalışmısınız. Düşünmürsünüz ki, Foqtsun yığması bu rekordu əlində saxlamağa layiq deyildi?
- İstəməzdim Foqtsla Prosineçkini müqayisə edim. Amma görün, Berti Foqts neçə il Azərbaycanda çalışdı? Yalnız son ilində 9 xalı yığa bilmişdi. Prosineçki isə ikinci seçmə mərhələsində yeni rekorda imza atdı. Məncə, bu məşqçi ilə komandamız gələcəkdə daha uğurlu nəticələr qazana bilər.
- 21 yaşadək futbolçulardan ibarət yığma komandamız AÇ-2019-un seçmə mərhələsinə uğursuz start götürdü, ilk iki görüşündə İsrail və İrlandiyaya 1:3 hesabı ilə məğlub oldu. U-21-in çıxışı haqda nə deyə bilərsiniz?
- Komandamız hər iki matçda məğlub olsa da, indidən tənqid etmək istəməzdim. Çünki yeni yığılmış kollektivdi və seçmə mərhələ təzə başlayıb. Bir az gözləmək lazımdı. Vaxt hər şeyi deyəcək. Mənə elə gəlir ki, komandamız bir neçə aydan sonra daha yaxşı oynaya bilər. Unutmayaq ki, rəqiblər də zəif komandalar deyil.
- U-21-də milliləşdirilmiş oyunçu kifayət qədərdi. Son qarşılaşma göstərdi ki, millini heç də gücləndirməyiblər. Azərbaycanda futbolçu yetişmir ki, ölkə xaricinə üz tuturuq?
- U-21-in baş məşqçisi var. Nəyə görə onların orda oynadığı ilə bağlı sualı ona versəniz yaxşı olar. Əgər baş məşqçi onları məsləhət görübsə, deməli, hansısa səbəb var.
- Bildiyiniz kimi, əsas yığmanın hədəfi AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaqdı. U-21-in hazırkı üzvləri də əsas millinin potensial üzvləri sayılırlar. Bu oyunçularla hədəfə çatmaq mümkündümü?
- İş nəticədə də deyil, futbolçunun oynamasındadı. Məsələn, dünən Mahir Mədətov baxımlı qol vurdu. Bu, sevindirici haldı. Ötən matçda da Elnur Cəfərov fərqlənmişdi. Ancaq bu, azdı. İşləmək lazımdı, oyun praktikasından əziyyət çəkməməlidilər. Bu futbolçular klublarında daha çox çıxış etməlidilər. U-21-in bəzi üzvləri klublarında əsas heyətə düşə bilmirlər. Müntəzəm oynaya bilsələr, milli də uğurlu çıxış edə bilər. Mən də bir azarkeş kimi, kənardan baxıb fikir bildirirəm. Ancaq dəqiq məlumatı məşqçilər verə bilər.
- Bəlkə problem baş məşqçidədi və komandanı dirçəltmək üçün yeni nəfəs lazımdı?
- Mən heç vaxt həmkarım haqda danışmağı xoşlamamışam. Hər şeyi baş məşqçinin üstünə yıxmaq da düz deyil. O da işləyir, əlindən gələni edir. Yaşar Vahabzadə təcrübəli məşqçidi, sadəcə, ona vaxt lazımdı. Çünki bir daha təkrar edirəm ki, heyət yeni qurulub.
Facebook-da paylaş