“Sabah” klubu azarkeş insidenti ilə bağlı bəyanat yayıb

“Sabah” Futbol Klubu ötən gün Çempionlar Liqasının "Orxus"la (Danirmarka) keçirilən cavab oyununda baş verən azarkeş insidenti ilə bağlı bəyanat yayıb.
BrendSport.az xəbər verir ki, açıqlamada əvvəlcə tarixi qələbə münasibətilə azarkeşlərə təşəkkür edilib və komandanın nəticəsi ilə qürur duyulduğu bildirilib.
Klub qeyd edib ki, oyundan əvvəl azarkeşlərin iştirakı ilə baş verən insident təəssüf doğurur. Klub feyr-pley prinsiplərinə, qarşılıqlı hörmətə və sivil davranış qaydalarına önəm verdiyini vurğulayıb.
Bəyanatda bildirilib ki, insidentdən əvvəl qonaq azarkeşlər tərəfindən yerli azarkeşlərə qarşı şifahi aqressiya nümayiş etdirilib və Azərbaycan mədəni kontekstində təhqiramiz hesab olunan ifadələr səsləndirilib.
Bununla belə, “Sabah” fiziki aqressiyanı və zorakılığı heç bir halda dəstəkləmədiyini açıqlayıb:
“Hadisədən əvvəl hansı şəraitin və ya təxribatın olmasından asılı olmayaraq, biz heç bir halda fiziki aqressiyanı və zorakılığı dəstəkləmir və ona haqq qazandırmırıq. İstənilən mübahisə və anlaşılmazlıq sivil və qanuni yollarla həll edilməlidir”.
Klub hadisənin obyektiv araşdırılması üçün UEFA və aidiyyəti qurumlarla əməkdaşlığa hazır olduğunu da bildirib. “Sabah”ın sərəncamında olan məlumat və materialların, o cümlədən müşahidə kameralarının görüntülərinin aidiyyəti qurumlara təqdim edildiyi qeyd olunub.
Açıqlamanın sonunda həm yerli, həm də xarici azarkeşlər qarşılıqlı hörmətə və futbol mədəniyyətinə riayət etməyə çağırılıb.
“Futbol insanları milliyyətindən, dilindən və mədəniyyətindən asılı olmayaraq birləşdirən böyük oyundur və ayrı-ayrı insidentlər bu dəyərlərə kölgə salmamalıdır”, – deyə klub vurğulayıb.
Facebook-da paylaş





















