"Qarabağ” qadın liqalarında iki yaş kateqoriyası üzrə təmsil olunacaq

Qadınlar Super Liqasında bu mövsüm mühüm yeniliklər olacaq.
BrendSport.az xəbər verir ki, bu sözləri AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva 2026/2027-ci illər mövsümü üzrə Qadınlar Super Liqasının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Departament rəhbəri bildirib ki, ilk növbədə yarışın adı dəyişdirilərək “Qadınlar Super Liqası" adlandırılıb və yeni loqosu təqdim olunub. O, həmçinin, liqaya iki yeni klubun — "İmişli" və "Goranboy" komandalarının qoşulduğunu və çempionatın 12 klubun iştirakı ilə keçiriləcəyini vurğulayıb.
"Qarabağ" klubunun qadın futbolu çempionatına qoşulması barədə sualı cavablandıran Zümrüd Ağayeva qeyd edib ki, Ağdam təmsilçisi aşağı yaş liqalarında mübarizə aparacaq: "Qarabağ” iki yaş kateqoriyası üzrə yarışlarda iştirak edəcək. Hazırda qeydiyyat prosesi davam edir, proses yekunlaşdıqdan sonra media üçün ətraflı məlumat veriləcək. Ümid edirik ki, növbəti mövsümlərdə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klubların qadın komandalarını da Super Liqamızda görə biləcəyik”.
Qeyd edək ki, AFFA Yüksək Qızlar Liqasında I turun oyunları oktyabrın 18,19 və 20 keçiriləcək.
Facebook-da paylaş





















