Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

Azərbaycanlı uşaqlarla birgə ustad dərsində iştirak etdik. Onlara üzgüçülük texnikalarını təkmilləşdirməyə kömək etmək, bu idman növündə qazandığımız təcrübə və bilikləri bölüşmək, gənc nəsildə bu sahəyə maraq oyatmaq olduqca qürurvericidir.
BrendSport.az xəbər verir ki, bu sözləri amerikalı tanınmış üzgüçü, Olimpiya medalçısı Karson Foster Dünya Su İdmanı Federasiyasının (World Aquatics) təşkilatçılığı ilə Bakıda azərbaycanlı uşaqlar üçün keçirilən ustad dərsləri (master-klas) ilə bağlı danışarkən deyib.
Gənc idmançıların bacarığını yüksək qiymətləndirən amerikalı üzgüçü onların hazırlıq səviyyəsinin gözləntilərindən də üstün olduğunu vurğulayıb: “Açığı, azərbaycanlı uşaqlar mənim gözləntilərimi tamamilə üstələdilər. Onlar texniki baxımdan çox doğru üzür və öz yaşlarına görə kifayət qədər irəlidədirlər. Həqiqətən də qarşımızda gələcəyin ulduzlarını gördüm”.
İdmançı Bakıda olmaqdan və Dünya Kuboku mərhələsində iştirakdan böyük zövq aldığını bildirib: “Dünyanı gəzmək, əvvəllər olmadığım ölkələri kəşf etmək və yarışmaq peşəmizin ən gözəl tərəflərindən biridir. Dünya Su İdmanı Federasiyasının xətti ilə Bakıya gəlmək mənim uzun müddətdir arzuladığım bir şey idi. Buradakı atmosferdən böyük zövq alıram”.
K.Foster bu cür təşəbbüslərin gənclərin idmana həvəsləndirilməsində mühüm rol oynadığını bildirib: “Ümid edirəm ki, verdiyimiz texniki məsləhətlərlə yanaşı, gənc idmançılar bizdən ilham ala biləcəklər. Öz kumirləri və ya olimpiyaçılarla birgə üzmək onları gələcəkdə Azərbaycanı Olimpiya Oyunlarında layiqincə təmsil etmək xəyalına daha da yaxınlaşdıracaq”.
Öz uğur hekayəsindən də söz açan Olimpiya mükafatçısı qeyd edib ki, uşaq ikən Rayan Lohte və Eron Pirsol kimi ulduzların ustad dərslərində iştirak etməsi onun peşəkar idmançı kimi formalaşmasında böyük rol oynayıb: “Olimpiya medalı qazanmağın hər hansı gizli düsturu yoxdur. Hər şey ilham almaqla və məqsədə doğru usanmadan çalışmaqla başlayır. Valideynlərimin dəstəyi və illərlə çəkilən zəhmət sayəsində bu pilləyə ucalmışam”.
Qeyd edək ki, üzgüçülük üzrə Dünya Kuboku oktyabrın 1-3-də keçiriləcək. Turnirdə 44 ölkədən ümumilikdə 216 üzgüçü mübarizə aparacaq. Azərbaycanı yarışda 15 idmançı təmsil edəcək.
Facebook-da paylaş





















