“Sabah” bu mövsüm Çempionlar Liqasında qələbə və qol sayında liderdir

“Sabah” bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində ən çox qələbə qazanan və qol vuran komandadır.
BrendSport.az xəbər verir ki, Azərbaycan çempionu turnirdə keçirdiyi 6 oyunun beşində qalib gəlib, birində isə uduzub. Komandanın yeganə məğlubiyyəti III raundda Danimarkada “Orxus”a qarşı ilk matçda qeydə alınıb - 1:2. Valdas Dambrauskasın başçılıq etdiyi komanda cavab görüşündə isə bu rəqibi 4:0 hesabı ilə üstələyərək pley-offa vəsiqə qazanıb.
“Bayquşlar”, həmçinin qitənin ən nüfuzlu klub turnirdə bu mövsüm ən çox qol vuran komandadır. Bakı klubu rəqib qapılarından 12 top keçirib.
Qeyd edək ki, “Sabah” pley-off mərhələsində İsrailin “Hapoel” (Ber-Şeva) komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyununu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab matçını isə 25-də Bakıda keçirəcək.
Facebook-da paylaş





















