Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Mehriban xanım Əliyevanın doğum günüdür



Bu gün — 26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, ISESCO-nun xoşməramlı səfiri, UNESCO-nun xoşməramlı səfiri (2004–2022), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının sədri olmaqla yanaşı, humanizm, xeyirxahlıq, mərhəmət və milli-mənəvi dəyərlərə bağlılığı, idmana və idmançılara göstərdiyi xüsusi diqqət və qayğı ilə seçilən, ölkəmizin ictimai, mədəni və sosial həyatına mühüm töhfələr verən dövlət xadimidir.

BrendSport.az informasiya portalı xəbər verir ki, çoxşaxəli fəaliyyəti ilə seçilən Mehriban xanım Əliyeva uzun illərdir dövlətin inkişafı, xalqın rifahı, milli-mədəni irsimizin qorunması, uşaqların, gənclərin və idmançıların dəstəklənməsi istiqamətində mühüm layihələr həyata keçirir.


Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub.

1981-ci ildə Bakı şəhər 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1988–1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib.

1990–1995-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışıb.

1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir.

1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədilə üç dildə — Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.

2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.

2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 2022-ci ilin noyabrında isə Xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun Baş direktoruna məktub ünvanlayıb.

2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavini, 2021-ci ildən isə partiya sədrinin birinci müavinidir.

2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

2005-ci, 2010-cu və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

2006-cı ilin noyabrında humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.

2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilib.

Dünya iki qüvvənin əbədi mübarizəsi üzərində qurulub: xeyir və şər. Xeyir qüvvələrin qalib gəldiyi yerlərdə şəfqət və mərhəmət əbədi zəfər çalmış olur. Ulu Öndərimiz Heydər Əliyev vaxtilə məşhur bir müsahibəsində demişdi: “Qoy ədalət zəfər çalsın!”

Ədalət, düzgünlük, insanpərvərlik, dürüstlük, nəciblik və alicənablıq kimi mənəvi dəyərlər cəmiyyətin inkişafında mühüm rol oynayır. Mehriban xanım Əliyevanın fəaliyyəti də məhz bu dəyərlərin praktik şəkildə təcəssüm etdiyi çoxsaylı təşəbbüslərlə zəngindir.

Onun rəhbərliyi ilə həyata keçirilən layihələrdə uşaqların, gənclərin, aztəminatlı ailələrin, qayğıya ehtiyacı olan insanların və müxtəlif sosial qrupların problemlərinə xüsusi diqqət yetirilir. Bu fəaliyyət cəmiyyətimizdə həmrəyliyin, mərhəmətin və qarşılıqlı dəstəyin gücləndirilməsinə xidmət edir.

İdman sahəsində görülən işlər isə ayrıca diqqətəlayiqdir. Azərbaycan Gimnastika Federasiyasının inkişafında, ölkəmizdə nüfuzlu beynəlxalq yarışların keçirilməsində və Azərbaycan idmançılarının beynəlxalq arenalarda uğur qazanmasında yaradılan imkanların böyük əhəmiyyəti var.

Xüsusilə gimnastikanın ölkəmizdə geniş yayılması, müasir infrastrukturun formalaşdırılması və Azərbaycan gimnastlarının beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsi bu istiqamətdə aparılan məqsədyönlü işlərin nəticələrindəndir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq turnirlər ölkəmizin idman potensialını nümayiş etdirməklə yanaşı, dünya mediasının da diqqətini Azərbaycana yönəldib.

İdmançılar üçün yaradılan şərait və onlara göstərilən diqqət gənclərin sağlam həyat tərzinə, idmana marağının artmasına və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etməsinə mühüm stimul verir. Bu baxımdan idmanın yalnız yarış və nəticə deyil, həm də gənc nəslin fiziki və mənəvi inkişafının mühüm vasitəsi kimi qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu əlamətdar gündə biz də gənclərə, idmana və idmançılara xidmət edən informasiya portalı — BrendSport.az olaraq Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Arzu edirik ki, həyat yolunda qazandığı uğurlar bundan sonra da davamlı olsun, qarşısına qoyduğu hər bir nəcib məqsəd gerçəkləşsin. Ona möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, əzizləri ilə birlikdə xoş günlər və ölkəmizin inkişafı naminə həyata keçirdiyi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

İnanırıq ki, Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin, səhiyyənin, təhsilin və xüsusilə idmanın inkişafı istiqamətində həyata keçirilən layihələr bundan sonra da öz müsbət nəticələrini verəcək, gənclərimizin və idmançılarımızın yeni uğurlar qazanmasına imkan yaradacaq.

Mehriban xanım Əliyeva, doğum gününüz mübarək! Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bütün nəcib arzularınızın həyata keçməsini diləyirik.


Facebook-da paylaş

Xəbəri paylaş