Azərbaycan Basketbol Federasiyası ilə Azərbaycan İdman Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Ölkədə basketbolun inkişafı, kütləviləşdirilməsi və idman təhsili ilə praktiki fəaliyyətin qarşılıqlı inteqrasiyasını gücləndirmək məqsədilə Azərbaycan Basketbol Federasiyası (ABF) ilə Azərbaycan İdman Akademiyası (ASA) arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
BrendSport.az xəbər verir ki, sənədin əsas məqsədi tərəflərin mövcud elmi-tədris və praktiki imkanlarını birləşdirərək yüksəkixtisaslı idman mütəxəssislərinin hazırlanmasına, eləcə də tələbə və gənclərin idmana cəlb olunmasına dəstək göstərməkdir. Memorandum çərçivəsində əməkdaşlığın əsas istiqamətləri aşağıdakılardır:
Basketbolun inkişafı və təbliği: Müxtəlif yaş qrupları üzrə liqaların, turnirlərin təşkili, idman infrastrukturunun gücləndirilməsi və sağlam həyat tərzini təşviq edən sosial layihələrin icrası.
Gənc basketbolçuların və kadrların inkişafı: İstedadlı tələbə və gənc idmançıların aşkar edilərək yüksək səviyyəli yarışlara hazırlanması, məşqçilərin, hakimlərin, idman menecerləri və həkimlərinin peşəkar ixtisasartırması.
Təcrübə və təhsilin inteqrasiyası: Akademiya tələbələrinin federasiyada praktiki dərslər və təcrübə proqramları keçməsi, yarışların təşkili və idman idarəçiliyi sahəsində real iş mühiti ilə tanışlığı.
Azarkeş mədəniyyəti və fan klubların təşkili: Tələbə və gənclərin oyunlara aktiv cəlb olunması, universitet mühitində basketbol həvəskarlarının bir araya gətirilməsi və mütəşəkkil fan klubların formalaşdırılmasına dəstək.
Media və kommunikasiya layihələri: İdman jurnalistikası və kommunikasiya sahəsində gənc media nümayəndələrinin inkişafı, tərəflərin birgə sosial media layihələrinin həyata keçirilməsi.
İmzalanan memorandum ölkə basketbolunda akademik biliklərlə praktiki təcrübənin vəhdətini yaratmaqla yanaşı, həm meydançada, həm tribunalarda, həm də media mühitində yeni nəsil mütəxəssislərin yetişməsinə mühüm töhfə verəcək.




Facebook-da paylaş





















