Fernando Alonso unikal nailiyyətə imza atıb

Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso Niderland Qran-Prisinin yekunlarına əsasən unikal nailiyyətə imza atıb.
BrendSport.az xəbər verir ki, “Aston Martin” komandasının heyətində çıxış edən 45 yaşlı ispaniyalı Zandvoort trasında finişə doqquzuncu çataraq iki xal qazanıb. Bununla da o, son 52 ildə “kral yarışları”nda xal qazanan ən yaşlı pilot olub.
Formula 1-də 45 və daha yuxarı yaşda xal qazanan sonuncu pilot britaniyalı Qrem Hill olub. O, 1974-cü ildə İsveç Qran-Prisində altıncı yeri tutub. Təxminən 1.5 il sonra ikiqat dünya çempionu təyyarə qəzasında həlak olub.
Alonso Formula 1-də 2001-ci ildən çıxış edir. Onun hesabında 437 Qran-Pri, 32 qələbə və 106 podium nəticəsi var. İspaniyalı pilot 2005 və 2006-cı illərdə “Renault” komandasının heyətində dünya çempionu olub. O, 2023-cü ildən “Aston Martin” üçün yarışır.
Qeyd edək ki, Formula 1 üzrə növbəti mərhələ sentyabrın 4-dən 6-dək İtaliyanın Monza trasında keçiriləcək.
Facebook-da paylaş





















