Azərbaycanın sərbəst güləşçiləri İslamiadanın son günündə 4 medal qazanıblar

Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
BrendSport.az xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada bəhreynli Xıdır Saypudinovla üz-üzə gəlib. Rəqibini 5:1 hesabı ilə məğlub edən idmançı İslamiadanın qalibi olub.
Finalda iranlı Yunes Emamiyə uduzan digər sərbəst güləşçi Ağanəzər Novruzov (74 kiloqram) gümüş mükafatla kifayətlənib.
Bundan başqa, Maqomedxan Maqomedov (97 kiloqram) rəqibi xalça üzərinə çıxmadığı üçün, Giorgi Meşvildişvili (125 kiloqram) isə misirli Abdelrehman Şeyatan üzərində qələbə sayəsində bürünc medal əldə edib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan güləşçilərindən Jalə Əliyeva (57 kiloqram) qızıl, İslam Bazarqanov (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) gümüş, Elnurə Məmmədova (50 kiloqram) və Nigar Mirzəzadə (68 kiloqram) isə bürünc medal qazanıblar.
İslamiadaya bu gün yekun vurulacaq.
Facebook-da paylaş





















