"Oceanman" layihəsinin təsisçisi: Əminəm ki, açıq suda üzgüçülükdə yeni səhifə yazacağıq

Azərbaycanın “Oceanman” ailəsinə qoşulması ölkədə açıq suda üzgüçülüyün inkişafı üçün yeni mərhələnin başlanğıcıdır. İkinci dəfədir Azərbaycandayam və burada olmaqdan məmnunluq duyuram. Bizi bir araya gətirən əsas amil “Oceanman” layihəsinə olan inam və Azərbaycanla birlikdə açıq suda üzgüçülüyü inkişaf etdirmək istəyidir. Məqsədimiz ölkədə bu idman növünə marağı artırmaq və yeni yarışlar təşkil etməkdir.
BrendSport.az xəbər verir ki, bu sözləri "Oceanman" layihəsinin təsisçisi və baş direktoru (CEO) Fermin Egido Azərbaycanda ilk “Oceanman” mərhələsi olan “Oceanman Azerbaijan Sea Breeze” yarışına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, “Oceanman” sadəcə üzgüçülük yarışı deyil: “Bu layihənin arxasında çoxlu maraqlı hekayə, böyük həvəs və fədakarlıqla çalışan insanlar dayanır.
2026-cı ildə 25 ölkədə 31 yarış təşkil edəcəyik. Bu ailə getdikcə böyüyür və gələn ildən Azərbaycan da ona qoşulacaq. Beləliklə, Azərbaycan “Oceanman”ın dünya xəritəsində yeni bir nöqtəyə çevriləcək.
Öhdəliyimiz yalnız Azərbaycanın idman və turizm məkanı kimi tanıdılmasına, ölkəyə üzgüçülərin cəlb olunmasına töhfə verməklə məhdudlaşmır. Biz, eyni zamanda, yerli üzgüçülük icmasının inkişafını dəstəkləmək istəyirik. İnanıram ki, burada iştirak edəcək idmançılar həyatlarının ən yaddaqalan həftəsonlarından birini yaşayacaq və qarşılarına qoyduqları məqsədlərə çatacaqlar. Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin hədəfləri ilə tamamilə eyni istiqamətdə çalışırıq. Ölkədə açıq suda üzgüçülük icmasını genişləndirmək, uşaqları bu idman növünə cəlb etmək və hər kəsin üzməyi öyrənməsinə şərait yaratmaq üçün böyük imkanlar var. Üzgüçülüyə çıxışı olmayan icmaların belə bu idman növü ilə tanış olması bizim üçün vacibdir.
Əminəm ki, birlikdə açıq suda üzgüçülükdə yeni səhifə yazacağıq. Bu işə böyük həvəslə yanaşan və yüksək peşəkarlığa malik komandamız var”.
Qeyd edək ki, yarışlar 2027-ci ilin sentyabrında “Sea Breeze” ərazisində keçiriləcək. Tədbir müxtəlif ölkələrdən peşəkar idmançıları, üzgüçülük həvəskarlarını və qonaqları bir araya gətirəcək.
Facebook-da paylaş





















