Fuad Hacıyev: Azərbaycan futbolunun inkişafında məşqçilərin üzərinə böyük məsuliyyət düşür

Azərbaycan futbolunun inkişafı üçün məşqçilərin nəzəri bilikləri və praktiki təcrübələri ilə yanaşı, pedaqoji bacarıqlarının da artırılması vacibdir. Bu məqsədlə keçirilən təlimlər məşqçilərin mövcud vəziyyəti düzgün qiymətləndirməsinə və gələcək hədəfləri müəyyənləşdirməsinə kömək edir.
BrendSport.az xəbər verir ki, bu sözləri Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev ASA və “Qarabağ” Futbol Klubu Akademiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunmuş tədbirdə deyib.
Rektor qeyd edib ki, Azərbaycan futbolunun hazırda hansı mərhələdə olunduğunu bilmək üçün mövcud vəziyyətin təhlili və beynəlxalq təcrübə ilə müqayisəsi mühüm əhəmiyyət daşıyır: “Futbol Azərbaycan cəmiyyəti üçün yalnız idman növü deyil, həm də insanların əhvali-ruhiyyəsinə, cəmiyyətə təsir edən mühüm amildir. Bu baxımdan gələcək futbolçuların yetişdirilməsində məşqçilərin üzərinə böyük məsuliyyət düşür. Onlar idmançıların hazırlanması ilə yanaşı, pedaqoji yanaşmalara və fərdi bacarıqların inkişafına da diqqət yetirməlidirlər”.
ASA rektoru, həmçinin idman sahəsində peşəkar mütəxəssislərdən ibarət dəstək heyətinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb: “Beynəlxalq təcrübədə idman komandalarının fəaliyyətində həkimlər, psixoloqlar, fiziki hazırlıq mütəxəssisləri, analitiklər və digər peşəkarların iştirakı mühüm rol oynayır. Belə mütəxəssislər idmançıların fiziki və psixoloji vəziyyətini qiymətləndirir, onların potensialının üzə çıxarılmasına və hazırlıq prosesinin daha səmərəli təşkilinə kömək edirlər. Azərbaycanda da bu istiqamətdə imkanlar mövcuddur. İdmançıların funksional diaqnostikasının aparılması, göstəricilərinin təhlili və fərdi hazırlıq prosesinin düzgün qurulması idmanda nəticələrin yaxşılaşdırılmasına töhfə verə bilər”.
Facebook-da paylaş





















