AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan İdman Akademiyası (ASA) arasında imzalanmış memorandum çərçivəsində fizioterapiya ixtisası üzrə təhsil alan III-IV kurs tələbələrinin işə qəbulu həyata keçirilir.
BrendSport.az xəbər verir ki, ölkədə ilk dəfə təşkil olunan bu birgə proqram tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmələrinə və idman fizioterapiyası sahəsində təcrübə qazanmalarına imkan yaradacaq.
Ötən gün Azərbaycan Güləş Federasiyasında proqrama müraciət edən namizədlərlə görüş keçirilib. Görüşdə AGF-nin baş katibinin müavini Aydan Məmmədhəsənova və Tibb və ümumi hazırlıq üzrə koordinatoru Təhmaz Lətifov, ASA-nın Sağlamlıq və menecment fakültəsinin dekanı Ahu Müjgan Muradova, Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrasının müdiri Könül Məmmədova və İdman tibbi tədqiqatları laboratoriyasının direktoru Rauf Əliyev iştirak ediblər. Görüş zamanı tələbələrə qarşıdakı fəaliyyətləri, vəzifə və öhdəlikləri, eləcə də onlardan gözlənilən nəticələr barədə məlumat verilib.
Proqram çərçivəsində tələbələr güləş üzrə U-15, U-17 və U-20 milli komandaları ilə işləyərək idmançıların fiziki hazırlığı, zədələrin qarşısının alınması və zədələrdən sonra bərpa prosesi ilə bağlı praktiki təcrübə qazanacaqlar. Onlar həmçinin milli komandaların iş prinsipləri ilə tanış olacaq, məşqçilər və idmançılarla əməkdaşlıq bacarıqlarını inkişaf etdirəcəklər.
Fizioterapiya müasir idmanın önəmli parçalarından biridir. Fizioterapevtlər idmançıların sağlamlığını qorumağa, zədələrin qarşısını almağa və zədədən sonra daha tez bərpa olunmağa kömək edirlər. Xüsusilə güləş kimi fiziki güc tələb edən idman növündə onların dəstəyi çox vacibdir.
AGF və ASA-nın birgə təşəbbüsü ali təhsil ilə idman praktikası arasında əlaqələri gücləndirməyi, idman fizioterapiyası üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına və Azərbaycan güləşində tibbi-reabilitasiya dəstəyinin inkişafına töhfə verməyi hədəfləyir.



Facebook-da paylaş





















