Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiyada yerləşən məşhur "Slovakia Ring" yarış trasında növbəti testlərini uğurla başa vurub.
BrendSport.az xəbər verir ki, iki gün davam edən testlərin əsas məqsədi Cəfərovun sürücülük bacarıqlarını, texniki hazırlığını və potensialını qiymətləndirmək, həmçinin potensial sponsorlara təqdim olunacaq rəsmi texniki hesabatı hazırlamaq olub.
Bu, Davinin Formula 4 bolidi ilə ikinci test təcrübəsi idi. İlk testlər Portuqaliyanın Portimao trasında güclü yağış şəraitində keçirilmişdi.
Beləliklə, “Slovakia Ring” onun Formula 4 bolidini quru trasda idarə etdiyi ilk sınaq olub. Uzunluğu 5,935 kilometr olan bu trek Avropanın ən uzun daimi yarış traslarından biridir.
Testlərin ən diqqətəlayiq göstəricisi Davinin 2:04.282 saniyəlik ideal dövrə nəticəsi olub. O, bu göstərici ilə "Slovakia Ring"də ilk beşlik uğrunda mübarizə aparan təcrübəli pilotun təsnifat nəticəsindən cəmi 0,75 saniyə geri qalıb.
Komandanın texniki hesabatına əsasən, Davin ilk sessiyalardan etibarən bolidə sürətlə uyğunlaşıb, yüksək idarəetmə qabiliyyəti və təbii sürət potensialı nümayiş etdirib. Davinin əsas üstünlükləri təbii sürət hissi, bolid üzərində dəqiq nəzarət, sürətli öyrənmə qabiliyyəti və peşəkar yanaşmasıdır.
Komandanın yekun rəyinə əsasən, "Slovakia Ring" testləri Davin Cəfərovun Formula 4-də gələcək inkişafı üçün olduqca ümidverici nəticələr ortaya qoyub.
Facebook-da paylaş





















