Azərbaycan İdman Akademiyasında III Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb

Azərbaycan İdman Akademiyasının (ASA) təşkilatçılığı, Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünə və ASA-nın 95 illik yubileyinə həsr olunmuş “Müasir idman təhsili: Yeni paradiqmalar axtarışında” mövzusunda III Beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.
BrendSport.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademiyanın rektoru Rauf Hacıyev beynəlxalq konfransdan gözləntilərin böyük olduğunu deyib. Onun sözlərinə görə, konfransın nəticələri təkcə akademik müzakirələrlə məhdudlaşmayacaq, irəli sürülən təkliflər idman təhsilində yeni inkişaf mərhələsinin əsasını qoyacaq.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva bildirib ki, müasir dövrdə idmanın təhsilə, tibbə, psixologiyaya, texnologiyaya və hətta iqtisadi sahəyə təsiri getdikcə artır.
ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu isə son 4 il ərzində akademiya ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu əməkdaşlıq həm elmi-tədqiqat, həm də idman sahəsində öz müsbət nəticələrini göstərib.
ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva vurğulayıb ki, beynəlxalq təcrübədən yararlanmaq və gənclərə daha geniş imkanlar yaratmaq akademiyanın əsas məqsədlərindəndir.
İki gün davam edəcək konfrans çərçivəsində idmanda kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması, idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi və idman fəaliyyətlərinin təşkili istiqamətində məruzələr dinləniləcək.
Konfransın əsas məqsədi idman sahəsində peşəkar təhsilin mövcud vəziyyətini təhlil etmək, mövcud problemləri müəyyənləşdirmək və beynəlxalq təcrübə əsasında inkişaf perspektivlərini müzakirə etməkdir.






Facebook-da paylaş





















