“O komandaların hamısında canla-başla, əsl professional kimi vicdanla oynamışam”
Kamal Quliyev: “Çox təəssüf ki, belə bir komanda tarixə qovuşdu. İtirən mən yox, bütün Azərbaycan futbolu oldu”
Azərbaycanın idman həyatında həmişə futbolçularımızın da özünəməxsus yeri olub. Bu sahədə beynəlxalq arenalarda kifayət qədər uğurlarımız olmasa da, son zamanlarda futbolumuzda müəyyən irəliləyişlər nəzərə çarpır.
Klublarımız tərəfindən yetişdirilən gənc oyunçuların milli komandada, eləcə də öz klublarında göstərdikləri oyunlar bu sahədə də gələcəyə ümidlə baxmağa inam yaradır.
Müstəqillik dövründə adından söz etdirən bir çox oyunçularımız olub. Belə futbolçulardan biri də hazırda “Neftçi”də idman direktoru vəzifəsində çalışan və biliklərini gənc oyunçulara aşılayan Kamal Quliyevdir.
Onunla söhbətimiz həm şəxsi həyatı, həm də Azərbaycan futbolunun bu günü və gələcəyi haqqında oldu.
- "Kamal Quliyev" sizə görə kimdi?... Bildiyimiz qədər, Ağsu rayonunda doğulmusuz. Futbola marağınız Ağsudan başlanır, yoxsa sonradan məskunlaşdığınız Sumqayıtdan?..
- Mənə görə Kamal Quliyev Azərbaycan futbolunda ad qoymuş, sözünü layiqincə demiş, Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazdırmış bir idman adamıdır.
Bəli, dediyiniz kimi, mən Ağsu rayonunun Bico kəndində ziyalı ailəsində anadan olmuşam. Kənddə həmişə öz yaşıdlarımdan iki-üc yaş böyüklərlə futbol oynuyurdum.
Belə deyək də, qabımda az-çox var idi (gülür).
Sonradan valideynlərim mənim təhsilimə görə kənddən Sumqayıt şəhərinə köçməli oldular. Sumqayıta gəldikdən bir il sonra sinif yoldaşlarımla futbola yazıldıq. Elə o gündən indiyədək futbol dünyasındayam. İlk olaraq futbolun sirlərini Tofiq Agamusa müəllimdən öyrənmişəm.
- Əvvəlcə "Xəzər-Sumqayıt"da oynamısız, sonradan "Neftçi"yə yolunuz açılıb. Kamal Quliyev kimi populyarlığınız bizcə "Neftçi"də qazanıldı...
- Doğru buyurursunuz. 3-4 il “Xəzər Sumqayıt” komandasında oynadım. Sonra isə usaqlıq xəyallarımın komandası olan “Neftci”yə transfer olundum. Populyarlığım da elə “Neftci”dən başladı və milli komandaya qədər yüksəldim. Daha sonra isə Ukraynaya yollandım.
- Azərbaycanın bir neçə futbol komandasında sevilən futbolçu olmusunuz. Sizin üçün o komandaların hansı daha doğma idi?
- Oynadığm hər bir komanda mənə doğma və əzizdi. Ona görə ki, bu komandaların hər birində ayrı-ayrı xatirələrim var. Bu gün də o komandaların nümayəndələri ilə və yaxud da o bölgələrin camaatı ilə görüşəndə hamısı məni öz əzizləri kimi qarşılayırlar. Cünki o komandaların hamısında canla-başla, əsl professional kimi vicdanla oynamışam. Ancaq bütün bunlara baxmayaraq, etiraf edim ki, yenə də 7-8 il formasını geydiyim, məni böyük futbola aparan “Neftci” mənə digərlərindən bir köynək daha yaxındır.
- Məşqçilik karyeranız da zəngindi. "Neftçala"nı iki il çempion etdiniz, amma güclülər dəstəsinə buraxılmadınız. Buraxılmamaq səbəbləri sizi qane etdimi?
- Bəli, məşqçi kimi də özümü sınadım və bu da uğurlu oldu. Elə bir komanda yaratmışdım ki, o komandanı bəlkə də neçə illər lazım idi ki, yarada biləsən. Amma mən Allahın izni ilə qısa müddətə bunu yarada bildim. İki il çempion olduq. Hətta Azərbaycan Primyer Liqa komandaları da kubok oyunlarından gücümüzü bilirdilər. Çox təəssüf ki, belə bir komanda tarixə qovuşdu. İtirən mən yox, bütün Azərbaycan futbolu oldu.
- İndi "Neftçi"də idman direktorusunuz. İşlər nə vəziyyətdədi? Sizcə, "Neftçi" uğursuzluq yolunu dəyişib, əvvəlki şöhrətinə qovuşa biləcəkmi?..
- “Neftci” Azərbaycan futbolunun flaqmanıdı. Bəli, klubumuzda tez-tez məçqçi dəyişiklikləri olub və hər məşqçinin də öz fəlsəfəsi olduğundan, demək olar ki, bu gün bu vəziyyətdəyik. İnşallah bu da düzələcək, hər bir bağlı qapının açarı var. Akademiyamızda hər şey qaydasındadır. Gənc, istedadlı futbolçularımız yetişir. 18 futbolçumuz müxtəlif yaş qruplarından milli komandaya dəvət alıb. Bir-iki ay ərzində akademiyamızdan 60-a yaxın usağı ixrac etdik. O usaqları ki, onlar futbolla peşə sahibi ola bilməzdilər. İnşallah, hər şey yavaş-yavaş qaydasına düsəcək və “Neftci” əvvə
lki əzəmətinə yenidən qovuşacaq.
- Tərlan Əhmədov "Neftçi"yə yenicə baş məşqçi təyin olunub. Söz var ki, sizi özünə köməkçi götürəcək...
- Tərlan Əhmədovla çox yaxın münasibətimiz var. Milli komandada, Ukraynada, məşqçi kimi də “Neftci”də bir yerdə işləmişik. İnşallah, nə vaxt məsləhət olsa, onda da bu həll olar.
- Azərbaycan futbolundan, bir məşqçi kimi, dünya miqyaslı böyük uğurlar gözləyirsizmi?..
- Bu, başqa bir mövzunun söhbətidir. Bu gün o uğurları əldə etmək üçün bizə çoxlu çalışmaq və savadli mütəxəssislər lazımdır. Bu haqda hansısa fikir söyləmək hələ tezdi bizə.
- Kamal müəllim, fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayırıq sizə.
- Çox sağ olun, minnətdaram. Qarşıdan Müəllimlər günü gəlir. Sizin sayt vasitəsi ilə başda atam, anam olmaqla bütün Azərbaycan müəllimlərini təbrik edir, onlara ilk növbədə cansağlığı, savadli və bilikli usaqlar hazırlamağı arzulayıram.
Dönməz Abbasov
Facebook-da paylaş