"Ölkəmizdə gənclərin inkişafı və fəaliyyəti üçün hər cür şərait yaradılıb"
Bakı Konqres Mərkəzində bu il aprelin 11-də keçiriləcək prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı işə başlayıb. Toplantıda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarına həsr olunan film nümayiş etdirilib.
Filmdə Azərbaycanın dövlət gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin və builki seçkilərdə gənclərin və idmançıların namizədi Prezident İlham Əliyevin yürütdükləri uğurlu siyasət nəticəsində əldə edilən nailiyyətlər əks olunub.
Toplantının moderatoru, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov bildirib ki, bu gün gənclər ölkə əhalisinin 30 faizindən çoxunu təşkil edir. Sevindirici haldır ki, hazırda gənclər regionda bütün sahələrdə lider dövlətə çevrilən güclü Azərbaycanda yaşayırlar. Ölkəmizdə gənclərin inkişafı və fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Seymur Hüseynov bu uğurların Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində əldə olunduğunu vurğulayıb. Qeyd edib ki, Gənclər Fondunun yaradılması, Gənclər mərkəzləri və evlərinin, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi Azərbaycan dövlətinin gənclərə və idmançılara göstərdiyi yüksək diqqət və qayğının əyani göstəriciləridir. Gənclərimiz prezident seçkilərində onlara bu mükəmməl şəraiti yaradan Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 2017-ci ilin oktyabrında Sankt-Peterburqda keçirilən beynəlxalq musiqi festivalında 850 iştirakçı arasında birinci yeri tutan tar ifaçısı, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Orxan Zeynalov, ötən il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayaraq “İlin tələbəsi” adına layiq görülən Mahirə Əsədova, Yunan-Roma güləşi üzrə dünya kubokunun qalibi, birinci Avropa Oyunlarının çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Rəsul Çunayev, futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun üzvü Mahir Mədətov çıxışlarında ölkəmizdə gənclər üçün yaradılan şərait və imkanlardan bəhrələnərək əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər. Onlar gəncləri prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıblar.
Daha sonra ölkəmizin müxtəlif regionlarını təmsil edən gənclər çıxış edərək Azərbaycanda bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində yaşadıqları bölgələrdə yaradılan imkanlardan danışıb, prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.
Alxas Məmmədov
Facebook-da paylaş