Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ömrün kamillik zirvəsi

Ömrün kamillik zirvəsi

İllər bir göz qırpımında ötüb keçdi. Orta məktəbi bitirməyimizin 50 illiyi də qeyd olundu. Zaman bir qəlpə də qopartdı ömrümüzdən. Ulu Tanrıya şükür edə-edə gəlib çatdıq 67 yaşa.

Həyatda az insan tapılar ki, ömür yolunda yalnız özünü deyil başqalarını da düşünsün, başqalarına da dayaq olsun. Öz sözü, öz cığırı, öz yolu olsun, Ona verilmiş ömürdən vicdanla, alnıaçıq istifadə etsin.

Şəxsiyyətinə, örnək olan həyatına böyük hörmət bəslənilən belə insanlardan biri el ağsaqqalı, zəngin və şərəfli həyat yolu keçmiş, uzun müddət müxtəlif vəzifələrdə işləmiş, təşkilatçılığı, təəssübkeşliyi ilə ürəklərdə yer tapmış böyük ziyalı, istedadlı alim, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Mirsadıq oğlu Sadıqovdur.

Kamillik zirvəsində duran şəxsiyyətlərin bu gün dövlət məmuru kimi çalışması dövlətçiliyimizin inkişafı üçün önəmli haldır. Bu cür insanlar, sadə insanları daha tez görür, dinləyir, mövcud problemlərinin həllində var qüvvə ilə çalışırlar. Belə vəziyyətdə sadə insanlar həyatından, taleyindən razı qalaraq yaşayır, qurub-yaradır. Həyat hər kəsə kifayət qədər şirin, mənalı və maraqlı görünür...

Siz artıq 5-ci ildir ki, icra başçısı vəzifəsində çalışır, doğma İsmayıllımızın tərəqqisi naminə fədakarlıq göstərirsiniz. Sizi bu qədər işgüzar görmək hər birimizə qürur hissi yaşadır.

Əzizim Mirdaməd müəllim! Mən Sizin ətrafdakı insanlara, o cümlədən ailəmizə olan hörmət və ehtiramınızı duyur və dərin minnətdarlıqla dəyərləndirirəm. Sizin yorulmaz fəaliyyətinizdən Azərbaycan təhsili böyük uğurlar əldə etmişdir. Biz Sizi Azərbaycan təhsilinin ən parlaq ulduzu hesab edir, bu ulduzun işığından, ziyasından bizə də pay düşdüyündən sevinirik.

Dövri mətbuatda haqqınızda yazılmış ürək açan yazıları oxuduqca, müxtəlif tədbirlərdə çıxışlarınızı, söhbət və tövsiyələrinizi eşitdikcə düşünürəm: çoxdandır həsrətində olduğumuz belə bir ağsaqqalı, rayon rəhbərini ürəkdən sevməli, qorumalı və dəstəkləməliyik.

Siz bizim hər birimiz üçün həqiqət carçısı, sadəlik və səmimiyyət simvolusunuz. Haqqa dayaq olmağınız, sözü üzə deməyiniz hər birimizi əvvəlkindən daha başıuca cəsarətli edib.

Qardaşım Mirdaməd müəllim! Bu sözləri əsla Sizi tərif etmək üçün yazmıram. Sizin tərifə ehtiyacınız da yoxdur. Bu fikirlər, sadəcə, qazandığınız dərin hörmət və sevgidən, səmimiyyət və təvazökarlığınızdan doğulan ifadələrdir.

Tanrıya şükürlər olsun ki, elimizdə, obamızda Sizin kimi dar gündə önə çıxa bilən kişilər var. Bu kəlmələri yazanda da üstümdə Mirdaməd Sadıqov kimi sözə dəyər verən, ciddi, tələbkar bir ağsaqqalın başımın üzərində durduğunu hiss etdim, məsuliyyət duydum.

Əziz qardaşım! Siz rayonumuzun bütün sahələrdə yenilənməsi istiqamətində aramsız çalışmaqdasınız. Rəhbərliyiniz altında qazanılan uğurlar daha yüksək nailiyyətlərin qazanılmasına çağırışdır.

Qardaşım! İsmayıllıda İcra Hakimiyyəti başçısı kimi çalışdığınız hər gün Sizin üçün məzmunlu və yaddaqalan olub. Bu müddətdə işinizə avandlıq arzulayan, mane olanlar da olub. Siz pis niyyətlilərə də xoş münasibət göstərdiniz. Nə vaxtsa başa düşüb yaxşılara qoşular fikrində oldunuz. Bütün bunlar Sizin böyük ürək sahibi olmağınızdan xəbər verir. Orta məktəbdə oxuduğumuz illərdə olduğu kimi, Siz haqqı həmişə uca tutdunuz, bir düz xətt min əyri xətti kəsər, ən böyük biclik - düzlükdür, - dediniz və hər yerdə haqlı oldunuz. Xüsusiyyətinizdəki bütövlük, söy-kökə bağlılığınız bizlər üçün bir nümunədir. Siz dörd övladın qayğıkeş atası, nəvələrinizin arxa-dayağı olan babasınız. Onların şən, bəxtəvər, xoş günlərini görmək arzusu ilə Allah Sizi qorusun!

Hörmətli qardaşım, Mirdaməd müəllim! Sizi öz adımdan, Sizə dərin ehtiramı olan ailəmin adından anadan olduğunuz gün münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işinizdə yeni-yeni uğurlar arzu edirəm. Doğum gününüz mübarək olsun!!!

Könlümün, ruhumun sevincisiniz,
Qəlbimdə əbədi bir incisiniz.
Süfrəmin başında birincisiniz,
Siz mənim həmdəmim, dostum, sirdaşım,
Əziz qardaşım!

Sizsiz keçən günün – kədərim, qəmim,
Sizsiz dəryalarda qərq olar gəmim.
Şadlıq, toy-büsatdır sizli aləmim,
Sizinlə seçilməz baharım, qışım,
Əziz qardaşım!

Ömrümün haraylı-haylı günləri,
Qonaqlı-qaralı, paylı günləri.
Gülüşlü, fərəhli, toylu günləri,
Altmış yeddini də haqladı yaşım,
Əziz qardaşım!

Vətənin eşqiylə daim ucalın
Zəmətdən, xoş işdən ilham, güc alın.
100 yaşa gənc kimi çatın qocalın,
Sizi var görməklə ağarsın başım,
Əziz qardaşım!

Böyük istək və dərin ehtiramla:
Hacıməmməd Məmmədov
01 sentyabr 2017-ci il



P.S. Biz də saytımızın adından çox hörmətli, dövlət və ictimai xadim Mirdaməd müəllimi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, Azərbaycanımızın çiçəklənməsi yolunda gördüyü işlərdə uğurlar arzulayırıq.


Facebook-da paylaş

Xəbəri paylaş