Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



BİRLƏŞİN YURDUMUN PƏHLƏVANLARI



Lap uşaqlıqdan pəhləvan deyiləndə göz önümdə təmənnasız, bütün insanlardan güclü, pula heç vaxt nəzər etməyən azman bir insan dayanırdı gözlərim önündə. İllər keçdi. Böyüdüm. Yaşa doldum. Həmin təmənnasızlığı ilk dəfə Ramiz Tağıyevdə gördüm. Bir müddət sonra Firdovsi Umudovu yaxından tanıdım. O, insanın həqiqətən də necə təmənnasız və sözünə sadiq bir insan olduğunu gördüm. Mən pəhləvanı bu cür yüksəklikdə gördüm və həmin yüksəklikdən sevdim pəhləvan adamları.

Mənim aləmimdə pəhləvan heç nə ummaz, etdikləri yaxşılıqları başa qaxmaz, xalqın ən təmənnasız adamına çevrilməyi bacarar. Ramiz müəllimlə, Firdovsi müəllimi tanıdıqdan sonra pəhləvanlığın təmənnasızlıqdan keçdiyi yolun əyani şahidi oldum. Təxminən bir ay əvvəl pəhləvanların etiraz aksiyasını eşidəndə qulaqlarıma inanmadım. Sanki yüksəklikdən sürətlə yerə endim. Pəhləvanlara yaraşdırmadım bu aksiyanı. Qazağa gedəcəyim günü, Ramiz müəllimlə həmin aksiya barəsində danışacağım günü səbrsizliklə gözləyirdim.

Qazağa gələn kimi Ramiz müəllimlə söhbət etdim. Söhbətimizi komputerə köçürən zaman internetdən Hacı Əliyevin Fransada qələbə qazandığı xəbərini oxudum. Sevindim. Firdovsi Umudovun hər zamankı kimi onun yanında dayanmasına isə daha da qürurlandım. Nəinki mən, bütün Türk dünyası bayram etdi bu qələbəni. Davamı gəlsin qələbələrinizin. Aksiya iştirakçılarına bu yazımla bir sual ünvanlayıram. Möhtəşəm uğur qazanan, himn səsləndirilən zaman əlini ürəyinin üstünə qoyub Azərbaycan deyən pəhləvan, pul böyük qələbədən çoxmu üstün oldu? Əlbəttə ki, siz də mənim kimi xeyr deyəcəksiniz.

Elə isə bir olun, bir yumruq kimi birləşin. Birlik olan yerdə bərəkət də var. Birləşməyi bacarın ki, bərəkətiniz tükənməsin. Birləşəməyi bacarın ki, gücünüz, taqətiniz tükənməsin. Birləşməyi bacarın ki, Azərbaycan deyiləndə, yağı düşmən tir-tir əssin. Dünyada qaldırdığınız Azərbaycan bayrağını tezliklə Firdovsi Umudovun çiyinlərində yürüyərək QARABAĞA sancmağınızı arzulayıram. Uca Allah qolunuzdan qüvvəti, dizinizdən taqəti əsirgəməsin.


- Ramiz müəllim, idmançılar aksiya keçirdilər. Həmin aksiyaya münasibətiniz?

- Rza Baxşəliyev, Muxtar Dadaşov, Telman Paşayev, Rafiq Hacıyev, Əli Əliyev, İlham Umayev, Firudin Qurbanov kimi məşhur güləşçilər olub. Onlar pula güləşməyib. O dövr güləşçilərə gündəlik iki manat əlli qəpik talon verərdilər. İbrahimpaşa Dadaşov və bir neçə idmançı o dövr 2-3 otaq almışdılar dövlətdən. Və həmin o 2-3 otağın içində dünyalarını dəyişdilər. İndi şərait milyon dəfə o dövrdən yaxşıdır. Ulu Öndər Heydər Əliyev idmançılara çox yüksək qiymət verirdi. Cənab İlham Əliyev idmana xüsusi diqqət və qayğısını əsirgəmir. Hər bir idmançıya çox yaxşı şərait yaradıldı. Amerika kimi böyük dövlətdə olimpiya çempionuna iyirmi beş dollar mükafat verirlər. Bizdə isə hər qalibə yüz əlli min manat mükafat verilir.

- Siz keçirilən aksiyaya haqq qazandırırsınızmı?

- Xeyr! Dövləti, milləti qarına görə, pula görə istəməzlər. Firdovsi Umudov Azərbaycanın dəyərli məşqçisidir. O, hər zaman dövlətin bütövlüyünü, dövlətin uğurunu öz qazancından yüksəkdə görür. Dövlət, bayraq, himn, gerb heç nə ilə əvəz olunmur. Dövləti təmənnasız sevmək lazımdır. Firdovsi Umudov kimi.

- Pul Cocuq Mərcanlıda tikilən evlərdən üstündürmü?

- Xeyr! Biz müharibə şəraitində yaşayırıq. Şəhid ailələri var. Məcburi köçkün ailələri var. Cocuq Mərcanlıda evlər tikilir. Müasir silah-sursat alınır. Bunlar hamısı dövlətin pulu hesabına alınır. Biz özümüzü yadelli işğalçılardan qorumalıyıq. Biz namusumuz olan ana-bacılarımızı qorumalıyıq. Pul ola da bilər, olmaya da bilər.

- İdmanın inkişafında böyük xidmətlər etmiş insansınız. Yarım əsrlik idman fəaliyyətiniz var. Neçə manat maaş alırsınız?

- Əməkdar məşqçiyəm, Əməkdar idman xadimiyəm. 8 saat dərsim var. Mənim yetirmələrim Avropa, Dünya çempionatında 1, 2, 3-cü yerlər tutublar. Firdovsi Umudov da mənim tələbəm olub. Mahir Əmiraslanov da mənim tələbəm olub. Düzdür, mənim maaşım mənim təlabatımı ödəmir. Bu o demək deyil ki, mən aksiya keçirməliyəm. Mənim təlabatımı dövlətimizin bayrağı, himni, gerbi ödəyir. Mənim prezidentim, mənim millətim mənim qidamdır. Yaşayışımdır. Bizim öncül idmançılarımız olub Sovetlər döründə. Onlar pula görə güləşməyiblər. Bir qarnı tox, bir qarnı ac yaşayıblar. Ancaq heç vaxt pul davası etməyiblər.

- Firdovsi Umudov tələbəniz olub. Sizin yanınıza ilk gəlişini necə xatırlayırsınız?

- Firdovsinin atası Sumqayıtdan gələndən sonra mənim qrupumda güləşmişdi. Qəmnalı Umudov Sumqayıtda Ömərov Firdovsinin qrupunda güləşmişdi. Qəmnalı Qazağa gələndən sonra Respublika turnirlərində yarışırdı. Respublika turnirlərinin mükafatçısı, qalibi olurdu. Həm mənimlə, həm də böyük qardaşımla dost idi. Xeyli vaxt keçmişdi. Bir gün Qəmnalı ilə görüşdük. Hal-əhvaldan sonra neçə övladın var? -deyə soruşdum. Dedi bir oğlum, bir qızım var. Dedim oğlun idmana gedirmi? Dedi ki, futbola gedir, həm də qapıçıdır. Dedim ki, niyə güləşə gətirmirsən? Güləşə gətir oğlunu. Firdovsini gətirdi mənim yanıma. 13-14 yaşı olardı. Başını sığalladım, üz-gözündən öpdüm. Güləşə ürəklə başladı.

- Necə tələbə idi?

- Sinif əlaçısı idi. İdmanda da özünü çox tərbiyəli aparırdı. Mən tələbəmin qulağını buranam. Ancaq Firdovsinin qulağını burmamışam. Çox tərbiyəli uşaq idi.

- İlk uğurunu necə xatırlayırsınız?

- İki-üç ay olardı məşqə gəlirdi. Rayon birincisi oldu. Sonra Respublikada qalib oldu. Hər dəfə uğurla gəlirdi yarışlardan. Sonra Respublika yığma komandasının üzvü oldu. Firdovsi Ömərovun, Yaqub Məmmədovun yanında məşq etdi. Artıq təcrübəli idmançı idi Firdovsi. Respublika yığma komandasının istəkli övladına çevrildi. Kubok sahibi oldu. Yeniyetmələrin baş məşqçisi oldu.

- Onun baş məşqçi fəaliyyətindən razı idinizmi?

- Doğrudan da, Firdovsi yeniyetmələrə baş məşqçi təyin olunandan sonra bütün nailiyyətlər gün-gündən artdı. Aparıcı mütəxəssislər gördü ki, Umudov məhsuldar məşqçidir. Ona görə də Firdovsi baş məşqçi təyin olundu. Medalların sayı artdı. Azərbaycan güləşi dünyada daha böyük arenada tanındı. Sərbəst güləş daha da yüksək zirvəyə qalxdı. Mən bir müəllim kimi Firdovsidən çox razıyam. Onu alqışlayıram. Firdovsi Türk dünyasını bütün dünyada layiqincə təmsil edir. Firdovsinin böyüklüyü ondadır ki, dövlətimizə sadiq vətəndaşdır.

- Firdovsi Umudov uğur qazananda hansı hissləri keçirmisiniz?

- Mən o zaman özümü dünyanın xoşbəxti sanıram. Azərbaycanın sərbəst güləş tarixində Firdovsinin misilsiz xidmətləri var. Rafael Martinetti 2012-ci ildə Firdovsini FİLA-nın Qızıl Medalı ilə mükafatlandırıldı. Firdovsi Umudov gözəl məşqçidir, gözəl insandır. Firdovsi Azərbaycan millətini, dövlətini, prezidentini təmənnasız istəyir. Biz də Firdovsini dəstəkləyirik. Firdovsi idman tarixində böyük əməyi olan insandır. Onun uğurları danılmazdır. Neçə ki, dünya var, neçə ki, idman var, Firdovsi yaşayacaq. Firdovsi təkcə dövrünün pəhləvanı deyil. Firdovsi tarixin pəhləvanıdır.

- Aksiyanı keçirən güləşçilərə nə məsləhət verərdiniz?

- O idmançıların hamısını tanıyıram. Onlar da məni tanıyır. Onlara bir ağsaqqal kimi məsləhətim budur ki, emosiyalara uymasınlar. Dövlətimiz onlara gözəl şərait qurub. Düzdür, hər kəs istəyir ki, daha da komfortlu yaşasın. Ancaq biz nəzərə almalıyıq ki, müharibə şəraitində yaşayırıq. Bir milyondan atıq qaçqın, köçkünlərimiz var. Məcburi köçkünlərin də həyat şəraiti yaxşılaşdırılmalıdır. Nə qədər köçkünə, şəhid ailəsinə mənzillər tikilib. Onları da nəzərə alsınlar. “Sapı özümüzdən olan baltalar”a uymasınlar. Əvvəlki kimi qələbə sorağıyla güləşsinlər. Xarici çağırışlara uymasınlar. Daxildən və xaricdən bizi parçalamaq istəyənlərə qulaq asmasınlar. Onlar da bizim balalardır. Onların da xətrini hər kəs çox istəyir. Onlar təmənnasız yaşamalıdırlar.

- Hər iş pulmu deməkdir?

- Xeyr! Heç nə pul ilə ölçülmür.

- Pul sizin aləminizdə nədir?

- Dahi Vurğunun Azərbaycan şeirini Ulu Öndər Heydər Əliyev
cənabları söyləyən zaman göz yaşlarına hakim kəsilə bilmir. Niyə? Çünki Ulu Öndər vətəni, milləti canından da çox sevirdi. M.Araz deyir:
Vətən mənə oğul desə nə dərdim?!
Mamır olub qayasında bitərdim.

Mənim üçün hər şeydən üstün vətənin, millətin bütövlüyüdür.

- Pəhləvan necə olmalıdır?

- Pəhləvan təmənnasız olmalıdır. Yaxşı pəhləvan özü elə puldur, sərvətdir. İnsana mənəvi hörmət olunarsa, o insanın ən böyük sərvətidir.

- 45 ildir işləyirsiniz. Heç aksiya keçirmək fikrinə düşmüsünüzmü?

- Mən həmişə dövlətə, prezidentə sadiq adamam. Ac, susuz qalmışam. Ancaq aksiya keçirmək heç vaxt ağlımdan keçməyib. 45 ildir işləyirəm. Məşq keçirəm. Qazaxda institutlarda dərs keçmişəm. Heç kimdən təmənna, pul ummamışam.

- Aksiyaçılara son sözünüz?

- Qayıtsınlar əvvəlki münasibətlərinə. Himni, bayrağı, gerbi puldan qat-qat yüksəkdə tutsunlar.

Söhbətləşdi: Səbinə YUSİF


Facebook-da paylaş

Xəbəri paylaş