“Qarabağ”ı keçmişiksə, finala çıxa bilərik”
“Sumqayıt”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qarabağ” üzərində 2:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. BrendSport.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- İlk oyundan sonra özümüzdə də inam yarandı ki, mərhələni keçə bilərik. Bilirdik ki, bizə 1 qol da bəs edəcək. Meydana da bu məqsədlə çıxmışdıq. Oyunun sonlarında 2-ci qolu da vurduq və mərhələni keçdik. Öz yaxınlarımız da mərhələni keçəcəyimizə inanırdı. İnanmaq uğurun yarısı oldu.
- Səfər qolu sizi daha çox inandırmışdı?
- Səfərdəki oyunumuz pis alınmamışdı. Rəqib meydanında bir qol vurmaq bizim üstünlüyümüz idi. Əlimizə düşən şansdan maksimum istifadə etdik.
- Cərimə zərbəsi zamanı hamı səndən qol gözləyirdi...
- Topu qapıçının üstünə vurmaq istəyirdim. Çünki belə vəziyyətdə fərqlənmişəm. Amma cərimə meydançasında futbolçuların çox olması zərbənin effektivliyinin qarşısını aldı.
- Həmin epzidodda hakimdən penalti tələb edirdiniz...
- Məncə, qayda pozuntusu cərimə meydançasından kənarda baş verdi. Haqlı qərar olduğunu düşünürəm. Yenə də təkrara baxmaq lazımdır.
- Samir Abasov “Qarabağ”la hər iki oyunda komandanın başında ola bilmədi. Baş məşqçinin yoxluğu görünürdümü?
- Oyundan qabaq onunla danışıb getmişdik. Samir müəllimin bizə verdiyi motivasiya 2 oyuna da bəs etdi. Bilirdik ki, xəbəri var, oyunumuza baxacaq.
- “Qarabağ”a qarşı oyunda əsas tapşırığı nə oldu?
- Səbrli olmağımızı söylədi. Dedi, öz şansınızı gözləyin. Elə də oldu. Biz də əlimizə düşən şansdan istifadə etdik.
- Həm çempionatın, həm də kubokun əsas favoritini mübarizədən kənarlaşdırdınız. Demək olarmı ki, “Sumqayıt” kuboku qazana bilər?
- Yaxşı ki, qarşıda fasilə var. “Keşlə” ilə tez qarşılaşsaydıq, bəlkə də oyun başqa cür alınardı. Hamı bizi finalda görür. Amma heç bir komandanı kiçik saymaq lazım deyil. “Keşlə” axırıncı oyunda göstərdi ki, onlarla oynamaq istənilən komandaya qarşı çətin olacaq. Rəqibin fərqi yoxdur. Addım-addım getmək lazımdır. Finalı fikirləşsək, yarımfinalda “ilişəcəyik”. Birinci oyunda sərfəli nəticə qazanmaq lazımdır ki, cavab matçında rahat oynayasan.
- Kubok oyunlarından əvvəl qarşınıza hansısa hədəf qoyulmuşdu, yoxsa “Qarabağ” üzərində qələbə sizə ümid verir ki, sonda qalib gəlmək olar?
- Konkret hədəf qoyulmamışdı. Ancaq 1/4 finalda “Qarabağ”la düşəndə, qarşımıza məqsəd qoyduq ki, sindromu qıracağıq. Neçə oyun idi ki, rəqibə məğlub olurduq. Bu dəfə uduzmaq istəmirdik. “Sumqayıt” elə komanda deyil ki, 4-5 top vursun. Məqsədimiz bu mərhələni keçmək idi. “Qarabağ”ın qarşımıza çıxmağı bizə ikiqat motivasiya verdi. “Qarabağ”ı keçmişiksə, finala çıxa bilərik. Oyunları bir-bir fikirləşmək, hər komandaya dəyər vermək lazımdır. Heç kimə üstdən aşağı baxmaq olmaz. “Keşlə”yə də qalib gəlib, finala çıxmağa çalışacağıq.
- Qurban Qurbanov oyununu yaxından gördü. Milli komandaya düşmək perspektivini necə dəyərləndirirsən?
- Hər bir azərbaycanlı futbolçu istəyər ki, milli komandada oynasın. Bunun üçün çalışıram. Komandada da iş görünür. Çağırıb-çağırmayacağını zaman göstərəcək.Öhdəlik onların üzərinə düşür. Bizim işimiz futbol oynamaqdır. Qalanı Qurban Qurbanovdan asılıdır.
Facebook-da paylaş