"Qarabağ"ın hücumçusu: ""Çelsi"yə də qol vurmaq istəyirəm" - MÜSAHİBƏ
UEFA Gənclər Liqasının IV tur matçında İspaniyada "Atletiko"nun qapısından qələbə topunu keçirmiş "Qarabağ"ın futbolçusu Yaroslav Deda Ukraynanın "Volınskie Novosti" qəzetinin suallarını cavablandırıb.
18 yaşlı hücumçu Azərbaycanın ən güclü komandasına gəlişindən danışıb...
- Futboldan uzun müddət aralı qalmışdınız. Elə düşünmək olardı ki, artıq karyeranızı başa vura bilərsiniz. Nə baş verdi?
- Bəli. Bu il karyeramı başa vura bilərdim. Daban sümüyüm qırılmışdı və uzun müddət müalicə olundum. "Volın"la bağlı məsələ qapandıqdan və müalicə bitdikdən sonra agentlər variantlar axtarırdılar. Almaniya "Verder"inə də keçə bilərdim. Amma "Qarabağ" variantına üstünlük verdim. Xüsusən, Gənclər Liqasında oynamaq üçün əla şanslarının olduğunu bildikdən sonra Azərbaycanda möhkəmlənməyə daha çox güc tapdım. Bura futbola ac vəziyyətdə gəlməyimin də köməyi dəydi.
- Müqavilə bağlamamışdan öncə səni uzun müddət baxışdan keçirdilər?
- Bir ayadək. Əvvəlcə əsas komanda ilə məşq etdim. Bu, yayda idi. Elə isti olurdu ki, nəinki qaçmaq, gəzmək belə çətin idi. Birtəhər öyrəşdim və "Qarabağ"a uyğun gəldim. Amma hələlik yeniyetmələr və əvəzedicilərdən ibarət komandalarda oynayıram.
- "Qarabağ" necə klubdur?
- Azərbaycan futbolunda "Neftçi" və "Qəbələ" ilə birgə liderdir. Yeniyetmələr və əvəzedicilərdən ibarət komandalar Bakı yaxınlığındakı qəsəbədə, əsas komanda isə Tofiq Bəhramov adına Respublika stadionunda çıxış edir. Belə deyərdim: yayda bura baxışa gələndə hər şey - baza, meydanlar, şəhər o qədər xoşuma gəldi ki, sadəcə, uzun müddət qalmaq üçün dəridən-qabıqdan çıxdım.
- "Qarabağ" UEFA Gənclər Liqasından əlavə Azərbaycanın U-19 Liqasında da çıxış edir?
- Azərbaycanın yeniyetmələr liqası elə də güclü deyil və Ukraynanın müvafiq liqasından çox aşağı səviyyədədir. Ən ciddi oyunlar "Neftçi" ilə keçir. Son derbidə biz hesabda geri düşsək də, əvvəlcə tarazlıq yaratdıq, son dəqiqələrdə isə mən qələbə topunu vurdum. Amma yeniyetmələrin oyunlarına da azarkeşlər gəlirlər.
- Maliyyə sarıdan "Qarabağ"da vəziyyət necədir?
- Xoşagələn haldır ki, bizdə mükafat da var. Bu, hətta əvəzedicilər və U-19 Liqasının prinsipial oyunlarından sonra da olur və bizi xeyli həvəsləndirir.
- Çempionlar Liqası Bakıya futbol bumu gətirib?
- Sözsüz. Çempionlar Liqası oyunlarında anşlaq olur. Üstəlik, bizə düşən rəqiblərə baxın. "Kopenhagen"lə pley-off və "Roma" ilə qrup mərhələsinin oyunlarında anşlaq idi. "Atletiko" ilə oyuna bir qədər az - 40 min tamaşaçı gəlmişdi. İndi "Çelsi"ni gözləyirik. İndi İngiltərə komandasına da qol vurmaq istəyirəm.
Milli.Az
Facebook-da paylaş