“Mənim tələbələrim mənim ad-sanımdır”
Sumqayıt taekvondo məktəbinin respublikamızın taekvondo həyatında özünəməxsus yeri var. Məktəbin yetirmələri dəfələrlə müxtəlif yerli və beynəlxalq turnirlərin mükafatçıları olmuş, yetirməsi olduqları məktəbin adını ölkəmizin idman həyatına qızıl hərflərlə yazdırmışlar. Məktəbin yüksək nəticələr əldə etməsində müstəsna xidmətləri olan müəllimlərindən biri də İsa müəllimdir.
BrendSport.az saytı xəbər verir ki, İsa İsayev Sumqayıt taekvondo komandasının tanınmış məşqçi-müəllimlərindən biridir. Rəhbərlik etdiyi komanda persteklivli idmançılardan ibarətdir. İsa müəllimin məşq keçdiyi idmançılar arasında müxtətəlif yaş kateqoriyalı taekvonduçular vardır.
- İsa müəllim, taekvondo ilə məşğul olmaq çətin deyil ki?
- Əslində taekvondo dinamik bir idman növüdür. Burada sürət və elastiklik əsas rol oynayır. Ayaqlarla rəqibə kompleks zərbə vurmaq elə də asan iş deyil. Üstəgəl zərbədən sonra müdafiə olunmaq lazımdır. Taekvondo çətin idman növüdü. Burada idmançının iradəsi də böyük rol oynayır.
- Yetirmələrinizin döyüş vaxtı kənarda hansı hissi keçirirsiniz?
- Mən onlarla həmişə fəxr etmişəm. Mənim tələbələrim mənim ad-sanımdır. Onlar tatamidə olanda ruhən mən də onların yanında oluram. Onlara dəyən zərbə sanki mənə də dəyir. Onların qələbəsi mənim qələbəmdir.
- Məşq və ya döyüş zamanı fərqlənən tələbəniz olurmu?
- Bəli, hamısı bir-birindən fərqlənməyə, özünü daha yaxşı göstərməyə çalışırlar. Mən kimlərinsə adını çəkib, digərlərinin xətrinə dəymək istəmirəm. Təzə gələnlər də, lap əvvəldən yanımda olanlar da mənim üçün əzizdir. Mən onlarla qürur hissi keçirirəm.
- Bir idmançını yetişdirmək üçün nə qədər vaxt lazımdır?
- Əslində vaxt yox, mən deyərdim ki, əsas səbr lazımdır. Vaxt demək olar ki, nisbi anlayışdır. Təbii ki, uşağın özündə də həvəs və talant olmalıdı.
- Eşitdiyimizə gorə, dünya şöhrətli idmançımız Rafael Ağayevlə də yaxın dostsunuz?
- Bəli, Rafael Ağayev dünya şöhrətli idmancı olmaqla bərabər, həm də səmimi və qayğıkeş dostdur. Bəzən məşq barəsində onunla da məsləhətləşirəm. Öz tələbələrimə də Rafael Ağayevi numunə göstərirəm.
- İsa müəllim, maraqlı fikirlərinizə görə çox sağ olun.
- Siz də sağ olun.
Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi
Facebook-da paylaş