Doğru yol, doğru gələcək deməkdir
Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir...
Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Bu peşəni layiqincə daşıyınlardan biri də Gülnurə Babaşovadır.
BrendSport.az xəbər verir ki, Babaşova Gülnurə Hacıverdi qızı 1980-ci ildə Şamaxı rayonu Sabir qəsəbəsində ziyalı ailəsində anadan olub. Atası Hacıvredi Hacıyev sürücülük məktəbində müəllimi işləyib. Anası Lütviyyə Hacıyeva isə Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbində rus dili müəllimi kimi fəaliyyət göstərir.
Gülnurə xanım 1986-ci ildə Şamaxı şəhər 2 saylı tam orta məktəbinin I sinfinə qəbul olunub. 1997-cı ildə orta məktəbi bitirib. Elə həmin ildə də ADPU-nun filologiya fakultəsinə daxil olub.
2005-ci ildə BSU-nun magistraturasına, 2008-ci ildə isə BSU-nun doktoranturasına qəbul olunub. 2016-ci ildə fəlsəfə elmləri doktoru namizədlik dissertasiyasını uğurla müdafiə edib.
Pedaqoji fəaliyyətə 2001-ci ildə Şamaxı rayon Şəhriyar qəsəbə tam orta məktəbində başlayıb. 2012-ci ildə “İlin ən yaxşı 100 müəllimi” müsabiqəsinin qalibi olmuş, 2012-ci ilin sentyabr ayından Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinə direktor vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda 2012-ci ildən müəllimlərin fənn kurikulumunun tətbiqi ilə bağlı təlimçilik fəaliyyətinə başlamışdır. 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi seçilmiş və rayonda muxtəlif maarifləndirici tədbirlərin təşkilatçısı olmuşdur. Gülnurə Babaşova müxtəlif təlim və treninqlərdə, konfranslarda iştirak etmiş 40-a yaxın təşəkkürnamələr, diplomlar, yerli və beynəlxalq sertifikatlarla təltif edilib.
Gülnurə xanım hələ orta məktəbdə oxuduğu vaxtlar digər uşaqlardan fərqli bir cəhəti vardır. Belə ki, o, valideyinlərinin ona məktəbdə xərclik üçün verdiyi pulu həmişə məktəbin yaxınlığında yerləşən kitab mağazasında kitab almağa xərcləyərdi.
Həmişə asudə vaxt tapan kimi kitab oxumaqla vaxtını keçirən Gülnurə xanım ali təhsil aldığı müddətdə ailə həyatı qurur. Ailədə iki körpə uşaqların olması, onun təhsilinin yarıda qalmasına təsir göstərə bilmir. O, iki körpə uşaqları ilə bərabər öz təhsilini davam etdirir.
Onun bu fəaliyyəti təkcə öz şəxsi həyatında deyil, rəhbəri olduğu məktəbdə də öz əksini tapır. Belə ki, rəhbəri olduğu məktəb bir qəsəbə məktəbi idi. Bu qəsəbənin hər il məzunlarından bir, ya iki nəfər şagird ali təhsil ocaqlarına qəbul olardı. Amma bu Gülnurə xanıma çox az gəlirdi. O, direktor olduğu məktəbdə şagirdlərini təhsil aldığı universitetin təşkil etdiyi konfransalrına və iclaslarına cəlb etdi.
Daha sonra rayon nümayəndəsi olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xətti ilə keçirilən müxtəlif tədbir və konfranslarda şagirdləri məruzələrlə çıxışını təmin edirdi. Həmin şagirdlər eyni zamanda rayonda təşkil olunan tədbirlərdə də yaxından iştirak edirdilər.
Ən önəmli olanı isə odur ki, Sabir qəsəbə tam orta məktəbində oxuyan şagirdlər müxtəlif akademik, professor və alimlərin mühazirələrini dinləyirdilər. Şagirdlər artıq gördükləri və tanış olduqları ziyalılara bənzəmək, onlar kimi olmaq istəyirdilər. Hətta bu işdə onlara valideyinləri də dəstək olurdu. Belə göruşlərin və maarifləndirici tədbirlərin nəticəsində bu məktəbdə oxumaq istəyənlərin sayı gözləniləndən artıq oldu. Belə ki, indi Sabir qəsəbə tam orta məktəbində ali təhsil müəssisələrinə qəbul nəticəsi 19 nəfərdir. Bir qəsəbə üçün bu çox böyük bir rəqəmdir. Bu nəticəni Gülnur müəllimə müəllimləri, valideyinləri və ona dəstək olan bir çox qurumların sayəsində etməyi bacarmışdır.
Bir məktəbdə rəhbər olub butun şagirdləri ali təhsil ocaqlarına yönləndirmək mümkün deyil. Lakin yaşadığımız bir dövrdə gənclərimizi bir çox pis əməl və vərdişlərdən uzaq tutmaqa çalışan Gülnurə xanım təhsil sahəsində müəyyən zəifliyi olan şagirdlər üçün bir başqa təşəbbüs irəli sürmüşdür.
Beləliklə, bir çox şagirdlərimiz var ki, onların vaxtının səmərəli təşkil olunması üçün Sabir qəsəbə tam orta məktəbində, eyni zamanda bunu vurğulamaq yerinə düşər ki, ilk dəfə rayonun bir məktəbində iki idman növü üzrə mütəxəssis cəlb olunmuş və məktəbdə taekvondo və güləş üzrə məşğələlər təşkil olunmuşdur. Bu məşğələyə məktəbin 80-ə yaxın şagirdi cəlb olunmuşdur. Artıq xeyli müddətdir fəaliyyət göstərən bu idman məşğələləri öz bəhrəsini verməyə başlamışdır. Şagirdlər rayonlararası yarışlara qatılır və müxtəlif diplom və mükafatlarla geri qayıdırlar.
Ümumiyyetlə onu qeyd etmək lazımdır ki, Gülnurə xanımın sayəsində Sabir qəsəbə tam orta məktəbi rayonda qabaqcıl məktəblərdən biri olmuşdur. Hətta bu məktəb rayonda keçirilən rayon tədbirlərinə də ev sahibliyi etmişdir. Gülnurə Babaşovanın qarşısına qoyduğu məqsəd onun ətrafında olan hər bir şagirdin yüksək şəkildə təhsil alması və bunun üçün ona lazım olan ən gözəl şəraitin yaradılmasıdır.
Onun fikrinə görə, dövləti təmsil edən, onu tanıdan onun ziyalı vətəndaşlarıdır. Təhsili güclü olan dövlət hər zaman dünya dövlətləri sırasında öz sözünü deməyi bacaran dövlətdir. Müəllim olmaq şagirdlərə bir mövzunu öyrətmək deyil, eyni zamanda ona istiqamət verib şəxsiyyət kimi formalaşmağında rolu olmaq MÜƏLLİMLİKDİR.
Alxas
Facebook-da paylaş