Birinci Divizionda danışılmış oyunların qarşısının alınması üsulları müzakirə olunub
Noyabrın 13-də AFFA-nın inzibati binasında birinci Divizionda çıxış edən futbol klublarının nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov iştirak ediblər.
Baş katib çıxış edərək iştirakçıları salamlayıb və birinci Divizionda ötən mövsüm danışılmış oyunlarla bağlı ortaya çıxmış problemləri xatırladıb, bir neçə klub, futbolçu, hakim və inzibati işçinin sanksiyaya məruz qaldığını deyib. AFFA-nın bu məsələyə çox həssas yanaşdığını qeyd edən Elxan Məmmədov danışılmış oyunlarla əlaqədar məsələlərin gələcəkdə də hər zaman diqqət mərkəzində saxlanılacağını vurğulayıb.
AFFA-nın Hüquq və kadr məsələləri şöbəsinin əməkdaşı, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsulları, FIFA və UEFA-nın, həmçinin AFFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib.
AFFA-nın Apellyasiya və arbitraj tribunalının üzvü Vasib Əkbərov idman oyunlarının nəticəsinin manipulyasiyası ilə əlaqədar məsələlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində xüsusi maddələrin olduğunu deyib, bu kimi neqativ hallarla əlaqədar müvafiq məlumatlar daxil olduqda cinayət işi açıla biləcəyini, prosesin hüquq mühafizə orqanlarının nəzarətində olacağını qeyd edib.
Azərtac.az
Facebook-da paylaş