Kamran Quliyevin qəribə məntiqi: Muxtarovu cinayətə klub sürükləyib
U-21 millimizin sabiq üzvü Nicat Muxtarovun kabel oğurluğu ittihamı ilə həbs olunması hamını təəccübləndirib. Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimə olunub. Ötən mövsümün son iki turunda, eləcə də bu mövsüm "Sumqayıt”ın "Kəpəz” və "Qəbələ” ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul AFFA-ya ödənilməyib.
"Futbol+” qəzetinin araşdırmasına görə, "Sumqayıt”dan ona bildiriblər ki, cəriməni özü ödəməlidi və nə qədər ki, pulu ödəməyib PFL onun meydana çıxmasına icazə verməyəcək. Qəzetə məlumat verən mənbə iddia edib ki, futbolçu "Sumqayıt”la müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq istəyib, amma onu buraxmayıblar. 3200 manatı tez düzəltmək, meydana çıxmaq həvəsi ilə dost-tanışa ağız açan Nicat yekunda uşaqlıq dostlarının təklifi ilə oğurluğa əl atıb. Nəticədə isə özü dəmir barmaqlıqlar arasına düşüb.
Maraqlıdı, görəsən, bundan sonra “Sumqayıt”ın hansı futbolçusu meydanda can qoyar, komandanın uğuru üçün çalışar? Axı, klub prezidenti Kamran Quliyevin qəribə qaydaları var. Belə çıxır ki, hansısa futbolçunun ayağı qırılsa, uzun müddətə sıradan çıxsa, o, əlil olmaqla barışmalıdı. Çünki “Sumqayıt”da yıxılanın əlindən tutmurlar, kənara atırlar.
Bu nə məntiqdi? Necə yəni cəriməni futbolçu ödəməlidi? Bəs, klub nəyə lazımdı? Bəli, futbolçu səhv edib, söyüş söymüş, cəzalanmışdı. Klub bunun əvəzində ona “qulaqburma” verməli, müəyyən pul cəriməsi kəsməli idi. Lakin onu birdəfəlik kənara atmaq nə dərəcədə doğrudu? Quliyev bu ağılla illərdi “Neftçi”yə can atır, onun prezidenti olmaq istəyir?
“Sumqayıt” milli üzvlərinə qucaq açan, onların hazırlığının yüksəlməsinə çalışan klub kimi yaradılıb. Amma Quliyevin sayəsində burada milliyə namizəd olan istedadlar məhv edilir. Elə olmasaydı, son illər millidə bu komandanın heç olmasa bircə üzvünü görərdik.
Facebook-da paylaş