Üç yubileyə həsr olunan sərbəst güləş üzrə Respublika turnirinə start verilib

Azərbaycan Milli Mətbuatının 150, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illik yubileyləri münasibətilə sərbəst güləş üzrə yeniyetmə və gənclər arasında Respublika turnirinə start verilib.
BrendSport.az xəbər verir ki, AİJA-nın Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarışın açılış mərasimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin İdman Korpusunda baş tutub.
Tədbir idmançıların təqdimatı ilə başlayıb.
Turnirin əhəmiyyətindən bəhs edən Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru Akif Qasımov burada mübarizə aparan güləşçilər arasından dünya, Avropa və Olimpiya çempionları çıxacağına inandığını bildirib. Ölkə rəhbərliyinin idmana qayğısını yüksək qiymətləndirən A. Qasımov bunun uğurlu nəticələr qazanılmasında böyük rol oynadığını vurğulayıb.
AİJA-nın prezidenti Eldar İsmayılov hər üç yubiley münasibətilə müvafiq qurumları təbrik edib, yarışda iştirak edən sərbəst güləşçilərə uğurlar arzulayıb.
MOK-un mətbuat xidmətinin rəhbəri Murad Fərzəliyev Respublika turnirində qüvvəsini sınayan yeniyetmə və gənc idmançıların gələcəkdə böyük uğurlara imza atacaqlarına inamını ifadə edib.
Ardınca Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi münasibətilə MOK-un adından təhsil ocağına xatirə hədiyyəsi təqdim olunub.
Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev çıxış edərək, yarışın önəmini vurğulayıb, idmançılara öz tövsiyələrini verib.
Sonra Memarlıq və İnşaat Universitetinin müxtəlif yarışlarda uğur qazanan idmançı tələbələri mükafatlandırılıblar.
Rəsmi hissə başa çatdıqdan sonra Respublika turniri start götürüb.
Qeyd edək ki, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 200-ədək yeniyetmə və gənc güləşçi iştirak edir.
Facebook-da paylaş
