Salyanda sərbəst güləş üzrə açıq ölkə turniri keçirilib
Salyan Olimpiya İdman Kompleksində məşhur Azərbaycan güləşçilərinin və məşqçilərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə açıq ölkə turniri keçirilib.
BrendSport.az xəbər verir ki, turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin baş məsləhətçisi, Əməkdar məşqçi Tofiq Eyvazov, Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev və digərləri iştirak ediblər.
Turnirdə iştirak edən idmançılar güləş marşının sədaları altında arenaya daxil olublar.
Çıxış edənlər turnirin keçirilməsində əsas məqsədin Azərbaycan güləşçilərinin və məşqçilərinin xatirəsini yad etmək, sərbəst güləş idman növünün yeniyetmələr arasında kütləviliyini artırmaq, yeniyetmə güləşçilər arasında dostluq əlaqələrini möhkəmləndirmək, yeniyetmə idmançıların vətənpərvərlik ruhunda tərbiyə olunması, sərbəst güləş idman növü üzrə perspektivli idmançıları üzə çıxarmaq olduğunu deyiblər.
Turnirdə ümumilikdə 178 idmançı birincilik uğrunda mübarizə aparıb.
Yarışda komanda hesabında Salyan güləşçiləri birinci olublar. Cəlilabad idmançıları yarışı ikinci, ROİL təmsilçiləri isə üçüncü yerdə başa vurublar.
Turnirdə qalib olmuş idmançılar diplom, medal və hədiyyələrlə təltif ediliblər.
Facebook-da paylaş