Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ölkəmizi dünyada tanıdan polislər



Milli dövlətçilik tarixində şərəfli yer tutan əlamətdar yubileylər ərəfəsindəyik. Bu sırada Azərbaycan Polisi özünün 100 illik yubileyini alnıaçıq, üzüağ qarşılayır. Daxili işlər orqanları yarandığı gündən xalqın mənafeyinin qorunması istiqamətində üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirib.

BrendSport.az saytı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, cinayətkarlıqla mübarizə cəbhəsinin əsgərləri asayişin, sabitliyin qorunmasında, həm də xalqın can, mal güvənliyinin təmini, təhlükədə olanların xilası üçün lazımi köməyin göstərilməsində dastanlara sığmayan qəhrəmanlıqlar göstəriblər. Eyni zamanda ölkəmizin bir çox sahələrdə dünyada tanınnması, o cümlədən idmanımızın beynəlxalq aləmdə layiqincə təmsil olunması üçün əllərindən gələni heç zaman əsirgəməyiblər.

Bu əlamətdar bayram ərəfəsində polisin yaşadığı şanlı tarix, keçdiyi şərəfli yol barəsində silsilə məqalələr təqdim edəcəyik. Bu sırada ilk olaraq idmançı əməkdaşlarımızın bizə, xalqımıza, dostlarımıza bəxş etdikləri qələbə payı barədə məqaləni təqdim edirik.

İdman hər bir ölkənin ictimai həyatında çox böyük önəm daşıyır. Azərbaycan idman ölkəsidir. Bunu artıq bütün dünya, idman ictimaiyyəti bilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətini bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda idmanın inkişafına dövlət qayğısı göstərilir, idmanın maddi-texniki bazası möhkəmləndirilir, bu sahənin inkişafı ilə bağlı ardıcıl olaraq müxtəlif proqramlar qəbul edilir. Bu uzaqgörən siyasətin nəticəsidir ki, bu gün ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

Bakıda keçirilmiş mötəbər beynəlxalq yarışlar bütün dünyanın diqqət mərkəzindədir. Ötən il ölkəmizdə 219 yerli, 55 beynəlxalq yarış keçirilib. Həmçinin 234 beynəlxalq yarışda ölkəmizin yığma komandaları qələbə uğrunda mübarizə aparıb.
Təkcə ötən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında, kubok turnirlərində 851 medal - 347 qızıl, 236 gümüş və 268 bürünc mükafat qazanıblar.

Daxili işlər orqanlarında da idmanın inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan idmanının dünya miqyasında təşkil olunan beynəlxalq yarışlarda tanınması üçün daxili işlər orqanlarının əməkdaşları əllərindən gələni əsirgəmirlər.

DİN rəhbərliyi tərəfindən İdman Cəmiyyətinə, həmçinin idmançı əməkdaşlara göstərilən həssas münasibət, yüksək diqqət və qayğı, yaradılan şərait polis idmançılarımızı yeni-yeni zirvələr fəth etməyə sövq edir. Qazanılan tarixi qələbələrdə DİN İdman Cəmiyyətinin danılmaz xidmətləri olub.
Təlim-məşq prosesinin düzgün təşkili, daimi ixtisaslı nəzarət, bədən tərbiyəsinin və idmanın inkişafı üzrə aparılan işlər - cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin qorunmasının peşəkarlıqla həyata keçirilməsinə də öz müsbət təsirini göstərir.

Beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən, adı ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılmış, əldə etdikləri nailiyyətlərlə daim bayrağımızı dalğalandıran və himnimizi səsləndirən idmançı polis əməkdaşlarının sayı yüzlərlədir.

Cinayətkarlıqla mübarizədə fədakarlıq göstərən, asayişi, sabitliyi qorumaq üçün gecəli-gündüzlü sayıq xidmət aparan, yeri gələndə silahlı şəxsləri tərksilah edən, yanğının, odun-alovun içindən insanları xilas edən polislərimiz bizə idman zəfərləri də bəxş edirlər. Sıralarımızda xidmət edən polis idmançıları da, İdman Cəmiyyətinin yetirmələri də həm Olimpiya, eyni zamanda qeyri-Olimpiya idman növləri üzrə yüksək nəticələr əldə edirlər.
Onların amalı getdikləri ölkələrdə bayrağımızı ucaltmaq, himnimizi səsləndirmək, bizi dünyaya, dünyanı bizə tanıtmaqdır.

Qeyd edək ki, 2017-ci ildə daxili işlər orqanlarında xidmət edən 150-yə yaxın əməkdaş tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda qazanılmış 43 medaldan 32-si ölkənin milli komandalarının tərkibində beynəlxalq arenalarda, Avropa və Dünya çempionatlarında əldə olunub.

Ümumiyyətlə, ötən il ərzində DİN-in İdman Cəmiyyətinin təmsilçiləri tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda 231 medal qazanılıb ki, onların da 73-ü qızıl, 65-i gümüş, 93-ü bürüncdür. 64 medal yeniyetmələrin, 47 medal gənclərin, 120 medal isə böyüklərin payına düşür. Medallardan 96-si beynəlxalq miqyaslı, 135-i isə respublika birincilik və çempionatlarında qazanılıb.

Təsadüfi deyil ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən DİN-in İdman Cəmiyyəti 2017-ci ilin yekunlarına görə ilin ən yaxşı idman təşkilatı seçilmişdir.

Müstəqillik illərində ölkəmizin qatıldığı ilk Atlanta Olimpiadasında gümüş medalı aktivimizə Daxili Qoşunların hərbi qulluqçusu, sərbəst güləşçi Namiq Abdullayev qazandırıb. Sonrakı Sidney Olimpiadasında isə bizi – dünya azərbaycanlılarını və dostlarımızı qızıl arzusuna daxili işlər orqanlarının idmançı əməkdaşları Zemfira Meftahəddinova və Namiq Abdullayev qazandırdı.

Ölkəmizin tarixinə - idman tariximizə bir ilk yazan idmançı əməkdaşlarımızı dünyanın bütün ölkələrində tanıyırlar. Sevindirici haldır ki, onların bu zəfər yolu, hünəır yolu davam edir. Sıralarımızda onların onlarla, yüzlərlə davamçısı yetişir. Elə bu yazımızda da yaranmış imkandan istifadə edib onlardan bəzilərini sizlərə təqdim etməyi özümüzə borc bildik.


Nəsimi RPİ DYP şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev gənc idman növlərindən sayılan qrapplinqlə məşğul olur. Bir neçə uğurlara imza atıb. Son dəfə ötən il paytaxtımızda keçirilən dünya çempionatında bürünc medal qazanıb.


DİN-in Bakı Şəhər BPİ DYPİ-nin YPX Alayının baş inspektoru, polis mayoru, Əməkdar idman ustası Həsən Əliyev idmanın cui-citsu növü ilə dəfələrlə respublika çempionu olub. Beynəlxalq turnirlərin qalibi, Avropa və dünya çempionudur.


Binəqədi RPİ-nin müstəntiqi, polis mayoru Eldar Abdullayev də idmanın ciu-citsu və Əlbəyaxa döyüş növləri üzrə dəfələrlə dünya və Avropa çempionu olub, güc strukturları arasında keçirilən yarışların qalibidir.


İdman ustası Hikmət Cəbiyev DİN-in Əlahiddə Çevik Polis Alayının taqım komandiri, polis kapitanıdır. İdmanın cüdo və cui-citsu növləri ilə məşğul olur. İki dəfə respublika çempionu adını qazanan Cəbiyev dəfələrlə beynəlxalq yarışlarda, ölkə çempionatlarında, polislər arasında keçirilən turnirlərdə fərqlənib, yüksək mükafatlar qazanıb.


İdmanın Kombat - ciu-citsi və Əlbəyaxa döyüş üzrə məşğul olan daha bir idmançımız polis kapitanı Qasım Rəcəbovdur.


DİN İdman Cəmiyyətinin İdman təlimi şöbəsinin inspektoru, polis baş leytenantı İdman ustası Elşən İbişov idmanın cüdo, sambo və cui-citsu növü ilə məşğul olur. Sambo üzrə Avropa çempionatının bürünc medalçısı E.İbişov əlbəyaxa döyüş üzrə dünya çempionatında da həmin nəticəni göstərib, cüdo üzrə Dünya Oyunlarında 2 dəfə gümüş medalın sahibi olub. Cüdo üzrə Polislər Dünya çempionatında isə qızıl medal qazanıb.


Qusar RPŞ-nin PPX komandiri, polis leytenantı idman ustası, II dan qara kəmər sahibi Ramik Nəzərov taekvando üzrə dəfələrlə respublika çempionu olub. Beynəlxalq turnirlərin qalibi olan təmsilçimiz İsveç kubokunun da sahibidir.


DİN İdman Cəmiyyətinin Fiziki hazırlıq şöbəsinin inspektoru, idman ustası, polis leytenantı Kamran Məmmədov yunan-Roma güləşi üzrə Gənclər arasında dünya çempionatının qalibidir. Ölkəmizdə keçirilən I Avropa oyunlarının iştirakçısıdır. IV İslam Həmrəyliyi oyunlarında qızıl medal qazanıb.


Bakı şəhər BPİ Səbail RPİ 39-cu PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Tunc Abbas kikboksinq üzrə Gənclər arasında dünya çempionudur. Həmçinin 4 dəfə respublika çempionatında baş mükafata sahib olub.


DİN İdman cəmiyyətinin Maliyyə şöbəsinin inspektoru, polis leytenantı Rəvan Qasımlı cüdo üzrə Bakı birincisidir.


DİN-in İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin əməkdaşı, polis baş serjantı, əməkdar məşqçi Hikmət Hacıyev kikboksinq üzrə gənclər və yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisidir. Onun yetirmələri də hər zaman yarışlardan qalib ayrılırlar. H.Hacıyev əlbəyaxa döyüş üzrə dördqat DİN çempionudur.


Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin polis nəfəri, polis serjantı Anar Kərimov Full Kontakt-kikboksinq üzrə respublika çempionudur. O, Dünya kubokunun sahibi, beynəlxalq turnirlərin qalibi və Avrasiya çempionudur.

*
DİN-in Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Nuriyyə Axundova cüdo üzrə dəfələrlə respublika çempionatlarının mükafatçısı olub. Beynəlxalq yarışlardan yüksək nəticələrlə qazanıb.


DİN-in Əlahiddə Çevik Polis Alayının Xüsusi Təyinatlı 2-ci Taborunun 1-ci bölüyünün polis nəfəri, polis serjantı Sübhan Dadaşov idmanın boks növündə bir sıra nailiyyətlər əldə edib. O, Muay Thai və Uşu-Sanda üzrə 3-qat Azərbaycan çempionudur. Boks üzrə Respublika 3-cüsü və Avrasiya çempionudur.


DİN-in Əlahiddə Çevik Polis Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı Mirağa Quliyev kikboksinq üzrə ölkə çempionatında 3 dəfə bürünc medal qazanıb.


Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis baş serjantı Azər Fətullayev cüdo üzrə respublika çempionu, beynəlxalq yarışların qalibidir.


Baş Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Adil Hüseynov yunan-Roma güləşi üzrə ölkə və beynəlxalq turnirlərdə dəfələrlə qızıl medal qazanıb.


DİN Daxili Qoşunların əsgəri Emil Möhsümzadə İdman ustasıdır. İdmanın kikboksinq növü ilə məşğul olur, 7 qat respublika çempionudur. O, gənclər arasında keçirilmiş Dünya və Avropa çempionu adını qazanıb, 6 il ardıcıl olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə kubokun sahibi olub.


Daha bir əsgərimiz Anar Məmmədov da kikboksinqlə məşğul olur. O, gənclər üzrə Dünya çempionu və Avropa ikincisidir. 6 dəfə Respublika çempionu olub. Kikboksinq üzrə peşəkar kəmər sahibidir.


DİN Daxili Qoşunların əsgəri Zöhrab Əzimov idman karyerası ərzində ölkə çempionatlarında 12 dəfə baş mükafata layiq görülüb. Həm gənclər həm də böyüklər arasında Avropa çempionu olub. Gənclər üzrə keçirilən dünya çempionatını isə ikinciliklə başa vurub. Kikboksinq üzrə peşəkar kəmər sahibi, İdman ustasıdır.

İdmançı əməkdaşlarımız gərgin işləyib, əzmlə çalışırlar, asudə vaxtlarını təlim-məşqlərinə həsr edir, ustalıqlarını, hazırlıqlarını daim artırırlar. İdmançı polis əməkdaşları ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə də qətiyyətli və əzmkardırlar.
Bu yazıda ölkə idmanının cəfakeşlərindən olan çempionlarımızın yalnız bir neçəsini təqdim edə bildik. Digər idmançı əməkdaşlar barədə, eləcə də qaliblərimiz, qələbələrimiz artdıqca sıradaşlarımızın hünəri, bizə bəxş etdikləri fərəhi sizlərlə - oxucularla bölüşəcəyik.


Facebook-da paylaş

Xəbəri paylaş