“Çempionlar Liqasındakı sağalmaz yaranı unutdurmaq istəyirik” – Dieqo Simeone
“Həmişə komandama inanmışam. Biz “Atletiko”nu inkişaf etdirmək istəyən futbolçuları bir araya yığmışıq. Komanda təcrübəlilərlə gənclərin vəhdətindən formalaşıb”. Bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.
Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparacaq madridlilərin baş məşqçisi “Marca” nəşrinə açıqlama verib.
“Atletiko” ilə yeni müqavilə imzalaması haqda danışan Simeone bunları deyib: “Bəziləri düşünür ki, bir klubda uzun müddət işləmək çətindi. Niyə? Əgər futbolçular və məşqçi öz məsuliyyətini dərk edirsə, heç bir çətinlikdən söhbət gedə bilməz. Rəhbərlik qalmağımı istəyəndə onlardan bütün futbolçuları saxlamağı xahiş etdim. Belə də oldu. “Atletiko” mənim gəlişimdən sonra sürətlə inkişaf edir. Bu komandada həmişə böyük potensial görmüşəm. Hazırkı heyət daha da irəli getməyə imkan verir və bu, motivasiyamı artırır”.
Argentinalı çalışdırıcı cari mövsümə də istəkli başladıqlarını bildirib: “Yenə özümü həddindən artıq enerjili hiss edirəm. Hər gün yenilənirəm. “Atletiko”ya gələndə hansı klubun baş məşqçisi postuna keçdiyimi bilirdim. Çünki bu klub mənə tanış idi. Görürəm ki, “Atletiko” ildən-ilə inkişaf edir. Hər dəfə məşqə sonuncu məşqə çıxdığım kimi çıxıram”.
Simeone həm La Liqa, həm də Çempionlar Liqasında uğur qazanmaq istədiklərini qeyd edib: “Çox işləmək lazımdı. Həm çempionatda, həm də digər turnirlərdə qalib olmaq istəyirik. İki dəfə Çempionlar Liqasının finalında uduzmuşuq. Xüsusilə, ikinci məğlubiyyət bizim üçün sağalmaz yara idi. Bunu unutdurmaq istəyirik”. (Apasport)
Facebook-da paylaş