"Belə bir təklif olsa, kluba müraciət olunacaq" - Bəhlul Mustafazadədən "Neftçi" açıqlaması
"Oyuna yaxşı başladıq. Bunun məntiqi nəticəsi kimi də ikinci hissədə 2 top fərqi ilə önə keçdik. Lakin təəssüf ki qələbə hesabını qoruyub saxlaya bilmədik".
Bu sözləri BrendSport.az -a açıqlamasında "Sabah"ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan Premyer Liqasının 27-ci turunda "Qəbələ" ilə səfərdə bərabərə (2-2) qaldıqları oyun haqqında danışarkən deyib.
Mustafazadə 2-0 önə keçdikləri oyunda üstünlüyü əldən vermələri haqqda isə bunları deyib: "Qələbəyə nə mane oldu? Bunu tam izah etmək çətindi. Ola bilsin, sadəcə oyuna nəzarəti itirdik. Bu, futboldu. Futbolda bu cür hallar da yaşanır. Artıq bu oyunu unudub, çempionatın son oyununa köklənmişik".
Milli komandanın əsas üzvü sayılan müdafiəçi adının "Neftçi" ilə hallanmasına qısaca "Mənim "Sabah"la müqaviləm var" deyə cavabın verib.
O, "xarici klublardan yeni təkliflər varmı" sualına isə belə cavab verib: Xaricdən təklif olub-olmaması barədə onu deyə bilərəm ki, klubla müqaviləm olduğundan, belə bir təklif olsa kluba müraciət olunacaq. Mən hazırda təkliflər barədə yox, yalnız öz komandam barədə düşünürəm".
Facebook-da paylaş