Lənkəranda Vətən müharibəsi şəhidinin xatirəsinə boks turniri keçirilib

Lənkəranda Vətən müharibəsinin şəhidi baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr olunan boks üzrə ənənəvi V Lənkəran - Astara region turniri keçirilib.
BrendSport.az xəbər verir ki, Cənub Regional Boks Mərkəzində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışın açılış mərasimində Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, şəhid Vüsal Kazımovun atası, professor Kamran Kazımov və Azərbaycan Boks Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Anar Nağıyev şəhidlərimizin keçdiyi döyüş yolu və göstərdikləri qəhrəmanlıqların gənc nəsil üçün nümunə olduğunu, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə olan diqqət və qayğısından danışıb, şəhidlərin adının əbədiləşdirilməsi və onların xatirəsinin əziz tutulması xüsusi vurğulanıb.
Daha sonra baş hakim Nazim Qulamov yarışa start verib. Lənkəran, Astara, Masallı və Cəlilabad rayonlarından olan 48 idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıblar. Yer tutmuş idmançılar diplom və medallarla təltif ediliblər.


AZƏRTAC
Facebook-da paylaş





















