Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Məqsədimiz gələcəyin olimpiyaçılarını yetişdirməkdir




Yenicə başa vurduğumuz 2018-ci ildə əldə edilmiş idman uğurlarında yeniyetmə və gənc atletlərin də xüsusi payı var. İdman nailiyyətləri ilə qürur doğuran bu idmançıların əksər hissəsi uşaq-gənclər idman məktəblərində yetişir. Respublikamızın qabaqcıl idman məktəblərindən biri olan “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində (RİOEUGİM) güləş, cüdo, atletika, üzgüçülük, ağırlıqqaldırma, boks, stolüstü tennis bölmələri üzrə 110 qrupun tərkibində minədək uşaq, yeniyetmə və gənc idmanın sirlərinə yiyələnir.

ROİEUGİM-in yetirmələri dünya və Avropa
birinciliklərində böyük uğurlar qazanıblar

BrendSport.az xəbər verir ki, RİOEUGİM-in direktoru Fərhad Acalov AZƏRTAC-a müsahibəsində məktəbin yetirmələrinin 2018-ci ildə əldə etdikləri nailiyyətlərlə bağlı məlumat verib. Qeyd edib ki, bu idman ocağında yetişən yeniyetmə və gənc atletlər ölkədaxili yarışlarda və beynəlxalq turnirlərdə, o cümlədən Avropa və dünya birinciliklərində yüksək nəticələr qazanıblar. Güləş bölməsində idmanla məşğul olan Məmməd Əhmədov Macarıstanın Qyor şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində gümüş medal qazanıb. Yunan-Roma güləşi üzrə isə Zaqrebdə yeniyetmələrin dünya birinciliyində Adəm Hacızadə bürünc medal əldə edib. Cüdo bölməsinin yetirmələri Mətin Rzazadənin Sarayevoda keçirilən yeniyetmələrin Avropa birinciliyində gümüş, Rəşad Yelkiyev Qyorda təşkil edilən qitə çempionatında bürünc medalı da yaxşı nəticə kimi qiymətləndirilməlidir.

F.Acalov atletika bölməsinin yetirməsi olan Rüstəm Məmmədovun Yeniyetmələrin III Olimpiya Oyunlarında iştirakını xüsusi vurğulayıb. Qeyd edib ki, atletikanın kürəitələmə növündə Günel Hüseynova Azərbaycan birinciliyində rekord nəticəyə (11 m, 68 sm) imza atıb. Ağırlıqqaldırma üzrə ötən ay Qahirədə keçirilən və “Tokio 2020” Olimpiadasına lisenziya xarakteri daşıyan İslam Həmrəyliyi İdman Federasiyasının V çempionatında Əliş Nəzərov gümüş medal qazanıb.

Yeniyetmə atletlərin potensiallarını üzə çıxarmaq üçün
idman ocağında ardıcıl tədbirlər görülür

Ötən il kütləvi yarışlarda idman ocağının yetirmələrinin iştirakına lazımi şəraitin yaradıldığını vurğulayan Fərhad Acalov bildirib ki, yeniyetmə atletlərin təcrübəsini artırmaq, potensiallarını üzə çıxarmaq üçün görülən işlər davam edir. Tədris ilində məktəbin təqvim planına uyğun olaraq, bütün bölmələr üzrə idman yarışları və kütləvi tədbirlər keçirilib. 2017-2018-ci tədris ili üçün məktəbdə 51 idman ustalığına namizəd və 4 nəfər idman ustası hazırlanıb. Bundan başqa, 111 nəfər birinci, 260 nəfər isə ikinci və üçüncü dərəcə normativlərini yerinə yetirib. Onların arasında istedadlı və bacarıqlı idmançılar var.

“Hazırda komandalarımızın təlim-məşqləri başlayıb. Qarşıda təmsilçilərimizi bütün növlər üzrə respublika birincilikləri və çempionatları gözləyir. Həmin yarışların nəticələrinə əsasən Avropa, dünya birinciliklərində, beynəlxalq turnirlərdə çıxış edəcək idmançılarımız müəyyənləşəcək. Bu idmançıların 2019-cu ildə daha yüksək nəticələr əldə etmək üçün məktəbin rəhbərliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Məqsədimiz daha güclü idmançılar hazırlamaq, gələcəyin olimpiyaçılarını yetişdirməkdir”, - deyə Fərhad Acalov əlavə edib.


Facebook-da paylaş