İslam dini və müasir gənclik” mövzusunda seminar keçirilib
Noyabrın 23-də Təhsil Nazirliyinin “Təhsil” İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təşkilatçılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “İslam dini və müasir gənclik” mövzusunda seminar keçirilib.
BrendSport.az xəbər verir ki, Bakı şəhərinin 3 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin akt zalında təşkil olunan tədbirdə 100-ə yaxın pedaqoji işçi və idmançı iştirak edib.
İki nömrəli RİOEUGİM-in direktoru Əjdər Cəfərov bildirib ki, ölkəmizdə bədən tərbiyəsinə göstərilən qayğı əhalinin müxtəlif təbəqələrinin idmana cəlb edilməsini ilbəil artırıb. İki ildən bir keçirilən yeniyetmələrin respublika oyunları idmanın həm bölgələrdə inkişafı, həm də kütləviliyi baxımından yeni mərhələnin əsasını qoyub. İdman dövlətin aparıcı sahələrindən olsa da, son dövrdə dini mövzular əhəmiyyətini artırıb. Dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi və dini dəyərlərin qorunması vacibdir.
Ötən il ölkəmizdə “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Ə.Cəfərov idmançılarımızın Azərbaycanı layiqincə təmsil etdiklərini deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların vətəni olan Azərbaycanda mövcud multikultural və tolerantlıq ənənələrinin günümüzə qədər davam etdiyini bildirib. Qeyd edilib ki, bu gün respublikamızda dini etiqad azadlığı tam təmin olunur və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Belə bir mühitin mövcud olmasında mənəvi dəyərlərimizlə yanaşı, düşünülmüş dövlət siyasəti də çox böyük rol oynayır. Müstəqilliyimizin bərpasından sonra digər sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də böyük nailiyyətlər əldə edilib.
Əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Cavanşir Qurbanov respublikamızın dünyada idman ölkəsi kimi tanındığını, Azərbaycanda milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.
Tədbirin keçirilməsində məqsəd milli və dini tolerantlığı ilə ad çıxaran ölkəmizin həmişə tamam fərqli mövqedə olması, bütün dini etiqadları və etnik azlıqları təşviq etməsi, əsrlərin sınağından süzülüb gələn İslam ənənələrinin mühafizəsinə layiqli töhfə vermək, idmançıları bu sahədə düzgün tərbiyələndirməkdir.
Facebook-da paylaş