Dünya Çempionatına dəstək yarışları davam edir
Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin rayondaxili mərhələsinə start verilib.
BrendSport.az saytı xəbər verir ki, Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən yarışda 21 məktəbdən 130 şagird iştirak edib. Yarışın nəticəsinə əsasən I yerə 212, II yerə 45 və III yerə 178 nömrəli tam orta məktəblərin komandası layiq görülüb. Qaliblər kubok və diplomlarlarla təltif edilib.
Kütləvi idman tədbirlərinin keçirilməsində əsas məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.
Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının, Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir. İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə 4 mindən çox məktəblinin qatılacağı gözlənilir.
Yarışlar Təhsil Nazirliyinin müvafiq əmri ilə 2018-ci ilin 5-9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatına dəstək məqsədilə təşkil olunub.
Facebook-da paylaş