Fərhad Acalov: Həvəskar boksçuların xaricə üz tutmamaları üçün peşəkar klubun yaradılması çox vacibdir
“Rabitə” idman klubunun əsasında yaradılan “Baku Fayt Lab”ın əsas məqsədi peşəkar boksçuların yetişdirilməsidir. Yeniyetmə, gənclər və böyüklər arasında yüksək nailiyyətlər əldə edən boksçuların bir araya gəldiyi “Baku Fayt Lab” klubu onların peşəkar idmançı kimi yetişmələrinə şərait yaradır. Gələcəkdə peşəkarlar arasında da döyüşlərin təşkili planlaşdırılır, idmançıların ABŞ-da təlim-məşq toplanışlarında iştirakı ilə bağlı danışıqlar aparılır. Ümidvarıq ki, bu sahədə böyük nailiyyətlər əldə edəcəyik.
BrendSport.az xəbər verir ki, Bu sözləri boks üzrə ilk azərbaycanlı dünya çempionu, Əməkdar idman ustası Fərhad Acalov AZƏRTAC-a müsahibəsində deyib.
Veteran boksçuları bir araya gətirən klubun fəaliyyətini yüksək qiymətləndirən F.Acalov deyib ki, respublikanın digər boks klubları, idman cəmiyyətləri ilə sıx əməkdaşlıq edən “Baku Fayt Lab” yoldaşlıq görüşlərinə idmançılar dəvət edir. Azərbaycanda həvəskar boksun inkişaf səviyyəsi yüksəkdir. İdmançılar həvəskar kimi karyeralarını başa vurduqdan sonra peşəkarların yarışında iştirak etmək üçün xarici klublara üz tuturlar. Ona görə də ölkəmizdə peşəkar boks klubunun yaradılması bu baxımdan çox əhəmiyyətlidir.
Açıq birincilikdə boksçuların çıxışından danışan F.Acalov bildirib: “Yeniyetmə boksçular bu turnirdə böyük əzmkarlıqla mübarizə apardılar. Turnirdə rəqabətin yüksək olması boksun kütləviliyindən xəbər verir”.
Facebook-da paylaş