Yeddi boksçumuz beynəlxalq turnirdə finala yüksəlib
Qazaxıstanın Karaqanda şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə finalçıların adları dəqiqləşib.
Azərbaycan Boks Federasiyasından BrendSport.az-a bildirilib ki, yarımfinal mərhələsində mübarizə aparan millimizin 12 idmançısından 7-si həlledici döyüşə vəsiqə qazanıb. Digər 5 boksçumuz bürünc medala sahib olub.
Belə ki, 48 kiloqram çəki dərəcəsində Həsən Məlikov yarımfinalda Usmonjon Merzoyevə (Tacikistan) qalib gəlib. O, finalda Jenşi Ulpatovla (Qırğızıstan) döyüşəcək.
Boksçularımızdan Məsud Yusifzadə (54) yerli Kaysar Nurəlimbayın ardınca kambocalı Sukti Novla mübarizə aparıb. Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb. O, finalda qazaxıstanlı Jandaulet Sersenbayevlə gücünü yoxlayacaq.
Nəbi İsgəndərov (67 kq) qırğızıstanlı Marlen Emilovun ardınca Abılay Smana (Qazaxıstan) qalib gəlib. Rəqib ikinci raundda boksçumuzla döyüşdən imtina edib. İsgəndərov çempionluq üçün Ruslan Madiyevlə (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.
71 kiloqram çəki dərəcəsində təmsilçilərimiz Rəşid Həsənovla Sərxan Əliyev rinqə çıxıblar. Yarımfinal görüşündə Həsənov qalib gələrək mərhələ adlayıb. Dünya çempionatının mükafatçısı Sərxan Əliyev bürünc medalla kifayətlənib.
Daha bir boksçumuz - 75 kiloqram çəkidə rinqə çıxan Mirşərif Kazımzadə də adını finala yazdırıb. O, yerli Sürağan Erjandan sonra digər qazaxıstanlı Beybaris Sıdına da gücünü göstərib. Kazımzadə həlledici qarşılaşmada Timur Esxojinlə (Qazaxıstan) qüvvəsini sınayacaq.
Murad Allahverdiyevi (80 kq) də qızıl medaldan bir döyüş ayırır. Boksçumuz ardıcıl olaraq yerli Fanibet Samixan və Erkebulan Ekimbayı məğlub edib. O, finalda kambocalı Anver Nasredinovla qarşılaşacaq.
Yığmanın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+92 kq) də çıxışını qələbə ilə başa vurub. Yarımfinalda Məhəmməd Abroridinova (Tacikistan) qalib gələn idmançı finalda Lopes Fernando Aleiandro (Kuba) ilə qarşılaşacaq.
Millinin digər üzvlərindən Tural Sarıyev (48 kq) Jenşi Ulpatovaa (Qırğızıstan), Nicat Hüseynov (51 kq) Reyes Romeroya (Kuba), Tayfur Əliyev (60 kq) Ruslan Kuzembayevə (Qazaxıstan) və Malik Həsənov (63,5) Vasili Samçuka (Qazaxıstan) məğlub olduqlarından yarışı bürünc medalla bitiriblər.
Qeyd edək ki, turnirdə Azərbaycan, Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək idmançı qatılıb.
Facebook-da paylaş