Çövkən Milli Atüstü Oyunu üzrə Prezident kubokuna start verilib
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident kuboku turnirinə start verilib.
ARAF-dan BrendSpor.az -a verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən günün ilk oyununda "A" qrupu üzrə "Ağstafa" çövkən komandası ilə "Murad" çövkən komandası üz-üzə gəlib. Görüş "Murad" komandasının böyük hesablı qələbəsi ilə başa çatıb (7-0).
Günün ikinci oyunu "B" qrupunda oynanılıb. "Qarabağ" komandası "Köhlən"i 3-1 hesabı ilə məğlub edib.
Həmin qrupun digər oyununda "Omar" ilə "Polad" çövkən komandaları qarşılaşıblar. Görüş "Omar" komandası 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Günün son oyunu "A" qrupu yer alan "Buta Golden" və "Sərhədçi" çövkən komandaları arasında baş tutub. Oyunda “Sərhədçi” komandası rəqibinin qapısından 6 cavabsız top keçirib.
Qeyd edək ki, dekabrın 13-14-də Çövkən Milli Atüstü Oyunu üzrə Prezident kuboku turnirinin qrup mərhələsində ikinci turun oyunları keçiriləcək.
Facebook-da paylaş