Zəfərin 5-ci ildönümünə həsr olunmuş kombat ciu-citsu üzrə yarış keçirilib

Dekabrın 21-də Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin 5-ci ildönümünə həsr olunmuş kombat ciu-citsu üzrə yarış keçirilib.
BrendSport.az xəbər verir ki, uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən yarışın açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin nümayəndələri və Avrasiya Kombat Ciu-Citsu Federasiyasının rəhbərliyi turnirin əhəmiyyətindən söz açıblar. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır.
Federasiyanın birinci vitse-prezidenti Baxtiyar Şıxzadayev qaydalar barədə məlumat verib. Qurumun ikinci vitse-prezidenti idmançıların beynəlxalq yarışlarda iştirakı və qazandığı qələbələrdən danışıb.
Daha sonra yarışa start verilib.
Birincilikdə müxtəlif yaş qruplarında çəki dərəcələri üzrə 105 idmançı öz gücünü sınayıb. Yarışı Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədov idarə edib.
DİN-in İdman Cəmiyyəti 1-ci yerə çıxıb. Gəncə komandası ikinci, Biləcəri kollektivi isə 3-cü yeri tutub.
Sonda qaliblərə diplom və medallar təqdim olunub.
Facebook-da paylaş























