Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” klubu vahid lider olub
Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçirilib.
BrendSport.az xəbər verir ki, kişi həndbolçuların mübarizəsində III tura “İdman Akademiyası” - “Azəryol” görüşü ilə start verilib. Rəqibindən üstün oyun nümayiş etdirən “Azəryol” mövsümdə ilk qələbəsini qazanıb - 45:36.
“Bakı” – “Dinamo” matçında nominal ev sahibinin qələbə qazanacağına inananlar yanılmayıblar. Hücumları daha kəsərli alınan “Bakı” həndbolçuları azarkeşlərini sevindiriblər - 46:21.
Bu turadək çempionata şərikli liderlik edən “Kür”lə “Qarabağ”ın qarşılaşması daha böyük maraqla gözlənilirdi. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan turun mərkəzi matçı gərgin mübarizə şəraitində keçib. Görüşə qonaqlar fəal başlasalar da, “Kür” tezliklə vəziyyəti xeyrinə dəyişib. Əsasən komandanın qapıçısı Aleksandr Milinkoviçin inamlı çıxışı, eləcə də meydan oyunçularının dəqiq zərbələri qələbədə əsas rol oynayıb. Beləliklə matç “Kür”ün 27:20 hesablı qələbəsi ilə başa çatıb.
Qadınların yarışında da eyniadlı komanda 3-cü turda qalib gəlib. Doğma meydanda “Bakı” kollektivini qəbul edən Mingəçevir təmsilçisi rəqibə heç bir şans verməyib - 48:8. Turun digər matçında isə “Azəryol” “İdman Akademiyası”nı 41:21 hesabı ilə məğlubiyyətə uğradıb.
Facebook-da paylaş