Azərbaycan həndbol çempionatı: “Qarabağ” ardıcıl ikinci qələbəsini qazanıb
Həndbol üzrə Azərbaycan çempionatında II turun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları arasında baş tutan görüşdə rəqibini 30:26 hesabı ilə məğlub edən birincilər çempionatda ardıcıl ikinci qələbəsini qazanıblar.
İlk turda məğlub olan “Kür” bu dəfə “İdman Akademiyası”nı üstələyib - 38:12.
Kişilərdən ibarət “Kür” komandası da etimadı doğruldub. “Dinamo”nun qonağı olan Mingəçevir təmsilçisi böyükhesablı qələbə qazanıb – 50:20. “Qarabağ” isə “İdman Akademiyası” ilə oyunda azarkeşlərini sevindirib - 38:24. Startı uğursuz alınan “Təhsil” bu dəfə “Bakı” ilə görüşü məğlubiyyətlə bitirib – 16:37.
İki turdan sonra qadınların yarışına 4 xalla “Qarabağ” başçılıq edir. “Azəryol”, “Kür”, “İdman Akademiyası” və “Bakı” hərəyə 2 xalla sonrakı pillələrdə qərarlaşıblar. “Gənclər Birliyi”nin hesabında xal yoxdur.
Hərəyə 4 xalı olan “Kür” və “Qarabağ” kişilərin çempionatında şərikli liderlərdir. “Bakı” və “İdman Akademiyası” 2 xalla 3-4-cü yerlərdədir. “Azəryol”, “Təhsil” və “Dinamo” hələ də xal qazana bilməyiblər.
Facebook-da paylaş