Premyer Liqa: "Qarabağ" bir ildir "Sabah"ı məğlub edə bilmir
"Qarabağ" Azərbaycan Premyer Liqasında "Sabah"a qarşı keçirdiyi son üç oyunda qalib gələ bilmir.
BrendSport.az xəbər verir ki, son ölkə çempionu bu qarşılaşmalarda yalnız 2 xal qazanıb.
Ağdam təmsilçisinin "bayquşlar" üzərində sonuncu qalibiyyəti 2022-ci ilin sentyabrına təsadüf edib - 4:3.
Ondan sonra baş tutan görüşlərin ikisi heç-heçə (0:0, 1:1) yekunlaşıbsa, apreldə gerçəkləşən dueldə "Sabah" sevinən tərəf olub - 2:1. Maraqlıdır ki, paytaxt klubu "köhlən atlar"ı ilk dəfə elə həmin vaxt məğlubiyyətə uğradıb.
Sentyabrın 17-də Premyer Liqanın VI turunun bağlanış matçı bu komandaların çempionatda yubiley - 20-ci görüşü olacaq. Əvvəlki 19 oyunun 12-də "Qarabağ" üstün olubsa, 6 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də ağdamlıların aşkar üstünlüyü diqqət çəkir - 35:12.
Bundan başqa, səfərdə rəqibini məğlub edə bilməyən Bakı təmsilçisi rəqib meydanında yalnız 4 heç-heçəyə nail olub. Onların üçündə 1:1 hesabı qeydə alınıbsa, digəri qolsuz başa çatıb.
Qeyd edək ki, sentyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 19:30-da start götürəcək.
Facebook-da paylaş