Azərbaycan Premyer Liqası: “Sumqayıt” mövsümdə ilk dəfə xal itirib
Azərbaycan Premyer Liqasında IV tura start verilib.
BrendSport.az xəbər verir ki, açılış oyunu “Dalğa Arena”da keçirilib.
Mövsümün ilk iki matçında qələbə qazanan “Sumqayıt” yenidən elitaya qayıdan “Araz-Naxçıvan”ın qonağı olub. Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşün birinci hissəsində qapılara qol vurulmayıb.
Hesabı 63-cü dəqiqədə “gənclik şəhəri” təmsilçisi açıb. Rövlan Muradov penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin Samir Abasovun yetirmələrinin üstünlüyü cəmi 9 dəqiqə çəkib. 72-ci dəqiqədə Turan Manafov cərimə zərbəsindən baxımlı qolla “status-kvo”nu bərpa edib.
Bu, həm də qarşılaşmada vurulan son qol olub. Səfərdə 1:1 hesablı heç-heçə edən “Sumqayıt” mövsümdə ilk dəfə xal itirib. Üç görüşdən sonra komandanın hesabında 7 xal var. “Araz-Naxçıvan” isə xallarının sayını 4-ə yüksəldib.
Qeyd edək ki, turun digər oyunları avqustun 26-27-də keçiriləcək.
Facebook-da paylaş