Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” “Qəbələ”ni məğlub edib
Azərbaycan Premyer Liqasında II tura start verilib.
BrendSport.az xəbər verir ki, açılış oyunu “Dalğa Arena”da keçirilib.
Bu mövsüm yenidən elitaya qayıdan “Araz-Naxçıvan” ölkə kubokunun son qalibi “Qəbələ”ni qəbul edib.
Hər iki komandanın ilk turda rəqibinə böyük hesabla məğlub olması görüşün prinsipiallığını daha da artırırdı. “Qırmızı-qaralar” favorit hesab edilsələr də, Naxçıvan təmsilçisi sürpriz nəticəyə imza atıb. 17-ci dəqiqədə belçikalı yarımmüdafiəçi İsmail Azzauri hesabı açıb. 83-cü dəqiqədə isə konqolu hücumçu Elvis Maşike fərqi iki topa çatdırmaqla, Azərbaycan çempionatında ilk qoluna imza atıb.
Nəticədə 2:0 hesablı qələbə qazanan “Araz-Naxçıvan” aktivinə ilk xalları yazdırıb. “Qəbələ” isə ardıcıl ikinci məğlubiyyətini alıb.
Qeyd edək ki, bu gün turun daha bir oyunu keçiriləcək. Saat 21:00-da başlayacaq görüşdə “Kəpəz” “Zirə”nin qonağı olacaq. Digər qarşılaşmalar isə avqustun 13-14-də oynanılacaq.
Facebook-da paylaş