"Araz-Naxçıvan"ın futbolçusu: "Qarabağ"a şans verməməyə çalışacağıq"
"Əlbəttə, onlara qarşı oynamaq çətin olacaq. Amma biz çalışacağıq ki, rəqibə şans verməyək".
BrendSport.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Mohammed Kadiri "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının III turunun oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.
27 yaşlı yarımmüdafiəçi rəqib haqqında məlumatlarının olduğunu da bildirib: "Bu komandanın gücünə də, qazandığı nəticələrə də bələdik".
Qanalı oyunçu "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri əvvəlki görüş haqqında da fikirlərini bölüşüb: "Düzdür, qələbə qazandıq, amma rəqibimiz də yaxşı komandadır. Ötən mövsüm Azərbaycan Kubokunu qazanıblar, eyni zamanda mövsümü 4-cü pillədə başa vurublar və Konfrans Liqasında iştirak etmiş kollektivdir. “Araz-Naxçıvan” isə qısa vaxtda yığışıb, hələ formalaşma dövrünü keçir. Ola bilər ilk turda “Turan Tovuz”la matçda bu cür çıxış edəcəyimizi gözləmirdilər. Həmin qarşılaşmada da yaxşı oynadıq. Amma müqayisə etsək, məncə, “Qəbələ”yə qarşı daha üstün oyun göstərdik. Nəticə də fikrimi təsdiqləyir. Tədricən daha yaxşı oynayacağıq".
Kadiri Azərbaycan çempionatı haqqında da danışıb: "Bizi gərgin və maraqlı mübarizə gözləyir. Səviyyə baxımından komandalar yaxşı vəziyyətdədir. Hər kəs medallar və avrokuboklara vəsiqə uğrunda yarışır. Azarkeşlər üçün baxımlı, komandalar üçün isə gərgin mövsüm keçəcək".
Qeyd edək ki, avqustun 20-də keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" görüşü saat 18:00-da başlayacaq.
Facebook-da paylaş