Toşiro Muto: Olimpiadada koronavirusla ciddi xəstələnmə halı qeydə alınmayıb
Bu günədək Tokio Olimpiya Oyunlarında koronavirusla ciddi xəstələnmə halı qeydə alınmayıb.
BrendSport.az xəbər verir ki, bu barədə jurnalistlərə Oyunların təşkilat komitəsinin baş direktoru Toşiro Muto məlumat verib.
Xatırladaq ki, iyulun 23-də Tokioda başlayan Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.
“İyulun 1-dən 31-dək aeroportlarda ümumilikdə 41 min 151 nəfərdən test götürülüb. Onlardan yalnız 0,08 faizində yoluxma aşkar edilib. Oyunlar başlayandan bəri aparılan testlər nəticəsində 0,2 faiz yoluxma halı qeydə alınıb. Oyunlarla əlaqəli bir nəfər xəstəxanaya yerləşdirilib”, - deyə baş direktor bildirib.
T.Muto daha sonra əlavə edib: “Bizi daha çox Tokioda podratçılar arasında müsbət testlərin sayı narahat edir. COVID-lə ağır xəstələnmə halı yoxdur və biz Oyunları ölkənin səhiyyə sisteminə minimal yüklə davam etdiririk”.
Əlavə olaraq qeyd edək ki, avqustun 1-nə olan son məlumata görə, Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında daha 18 koronavirusa yoluxma halı qeydə alınıb. Beləliklə, Olimpiadada ümumi yoluxanların sayı 264 nəfərə çatıb.
Facebook-da paylaş