Boksçumuz Cavid Çələbiyev: “Tokio-2020”də hakimlərin ədalətsizliyi ilə üzləşdim
Bu qarşılaşmaya qələbə üçün çıxmışdım və inamla mübarizə apardım. Hakimlərin mənimlə bağlı qələbə qərarı verəcəyini gözləyirdim. Lakin hakimlər haqsızlıq etdilər.
BrendSport.az xəbər verir ki, bunu Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) “Tokio-2020” Yay Olimpiya Oyunlarında Ermənistan təmsilçisi Hovhannes Baçkov ilə keçirdiyi səkkizdəbir final görüşündən sonra verdiyi müsahibədə deyib.
Təmsilçimiz əvvəlki olimpiadalarda olduğu kimi, yenə də hakim ədalətsizliyi ilə üzləşdiklərini vurğulayaraq bildirib: “Birinci raundu qazandıqdan sonra ikinci raundda da demək olar ki, qalib gəlmişdim. Ancaq hakimlər ikinci raundda qələbəni qarşı tərəfə verdilər. Həmişəki kimi, “Tokio-2020”də də hakimlərin haqsızlığı ilə üzləşdik”.
Qeyd edək ki, C.Çələbiyev rəqibinə 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Boks millimizin üzvlərindən təkcə Alfonso Dominges (81 kq) Olimpiadada mübarizəni davam etdirir. O, ötən gün yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc medalı təmin edib. İdmançımız avqustun 1-də finala vəsiqə uğrunda kubalı Arlen Lopez ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Tokio Olimpiadasında bürünc medala sahib olub.
Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.
Facebook-da paylaş