Qurban Qurbanov: "Komandadakı problemləri görürəm"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış “Keşlə” ilə oyunu şərh edib.
Ağdam təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan oyundan sonra bunları söyləyib:
- Qələbə üçün gəlmişdik. Alınmadı. Oyun planımızda bir az yeniliklər oldu. Bu meydanda oynamaq çətindi. Maksim Medvedev zədələnmişdi. Futbolçular qalib gəlmək üçün çox çalışdılar. Yorğun olduqları hiss olunurdu.
- Maksim Medvedev, Donald Gerye və Ansi Aqollinin durumu necədi?
- Aqolli çətin ki, "Vorskla" ilə oyuna çatsın. Əzələ problemi var. Maksimin durumu haqda bir söz deyə bilmirəm. Gerye sabahdan fərdi məşqlərə başlayacaq. "Vorskla" ilə oyuna hazır ola bilər.
- Yakub Jezniçakla Rəşad Sadıqov son dəqiqələrdə yer dəyişdi. Bu Rəşadın səhvləri ilə bağlı idimi?
- Xeyr, Rəşadın daha irəli getməsi üçün yerini dəyişdim. Bu gün həm Rahil Məmmədov, həm də Rəşad yaxşı oynadı.
- Son vaxtlarda komandanın yorğun olduğunu deyirsiz. Bu, böhrana gətirib çıxarmaz?
- Biz məğlubiyyətləri düzgün təhlil edərək, bu yerlərə gəlmişik. Hamımız bir olmalıyıq. Problemləri görürəm. Biz təcrübəli komandayıq. Çalışıb daha yaxşı olacağıq. Çətin qrafikə öyrəşməliyik.
- Delarj və Emeqara oyuna daxil olan zaman bir az gecikmələr oldu. İtirilən vaxtda nəsə etmək olardımı?
- 79-cu dəqiqədə əvəzetmə olmalıydı. Qoldan sonra dəyişiklik etmək istədim.
- Son vaxtlarda "Qarabağ"a qarşı oyunlarda rəqiblər 5 müdafiəçi ilə oynayır. Bu gün "Keşlə"nin də 5 müdafiəçi oynayacağını gözləyirdizmi?
- Ötən mövsüm "Sumqayıt", "Keşlə"nin özü də bu sistemlə oynayırdı. Çalışacağıq gələn oyunlarda belə sistemlər bizi çətinə salmasın.
- Həftəsonu "Sumqayıt"la oyun bundan daha çətin ola bilərmi?
- Bəli. İlk dövrədə də "Sumqayıt"la oyun gərgin keçdi. Baxmayaraq ki, komandada yoğunluq var, oyuna qələbə üçün çıxacağıq. Maraqlı oyun olacaq.
Facebook-da paylaş