Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək
Fevralın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.
BrendSport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Sabah" klubu "Neftçi"ni qəbul edəcək. "Bank Respublika Arena"da oynanılacaq görüşü FIFA referisi Rauf Cabbarov idarə edəcək. Hazırda meydan sahibləri 20 xalla beşinci, qonaqlar isə 28 xalla üçüncüdür.
Komandalar indiyədək ölkə çempionatında 13 dəfə üz-üzə gəliblər. Bunların 10-da "Neftçi", birində "Sabah" qələbə qazanıb. İki qarşılaşma isə heç-heçə başa çatıb. Topların nisbəti də "ağ-qaralar"ın xeyrinədir - 26:8. Son 4 matçda hər iki komanda qol vurub. “Sabah” öz meydanında qələbə qazanmayıb.
Günün son oyunu 13 xalla 7-ci sırada gedən "Sumqayıt" və 29 xalla 2-ci pillədə qərarlaşan "Qəbələ" arasında olacaq. "Kapital Bank Arena"dakı görüşün baş hakimi Vüqar Həsənli olacaq.
İki kollektiv bunadək Azərbaycan Premyer Liqasında 37 dəfə qarşılaşıb. Bu oyunların 5-i "gənclik şəhəri" təmsilçisinin, 21-i əyalət klubunun xeyrinə yekunlaşıb. On bir görüşdə qalib müəyyənləşməyib. "Qəbələ"nin vurduğu 58 qola "Sumqayıt" 28 topla cavab verib. Son 4 oyunda meydan sahibi olan komanda uduzmayıb. Aleksey Baqanın rəhbərlik etdiyi kollektiv son iki ev görüşündə qol buraxmayıb.
Facebook-da paylaş