Bu gün “Avro-2020”nin səkkizdəbir final mərhələsinə start veriləcək
BrendSport.az xəbər verir ki, günün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq birinci oyunu Uels və Danimarka yığmaları arasında olacaq. Amsterdamdakı “Yohan Kroyf Arena”da keçiriləcək görüşü almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək. Bu qarşılaşmanın qalibi dörddəbir final matçını Bakıda oynayacaq. Rəqib isə Niderland - Çexiya duelinin qalibi olacaq.
A qrupunu ikinci pillədə tamamlayaraq, pley-off-a yüksələn Uels yığması artıq Bakıda iki oyun keçirib. Bakı Olimpiya Stadionunda birinci oyunda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən uelslilər ikinci görüşdə Türkiyə millisinə qalib gəlib - 2:0.
İkinci oyunda isə İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv dörddəbir finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, İtaliya A qrupunda keçirdiyi görüşlərin üçünü də qələbə ilə başa vurub. Apennin təmsilçisi qrupda Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) millilərinə qalib gəlib.
C qrupunda mübarizə aparan Avstriya millisi Şimali Makedoniya (3:1) və Ukrayna (1:0) seçmələrinə qalib gəlsə də, Niderlanda 0:2 hesabı ilə uduzaraq qrupu ikinci sırada başa vurub.
Facebook-da paylaş