“Meydanı qol vurmadan tərk etməyimiz bir az üzücü oldu”
UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Herta” (Almaniya) – “Qəbələ” matçından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Emin İmaməliyev görüş barədə fikirlərini açıqlayıb.
BrendSport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“İlk oyunu yaxşı təhlil etmişdik. Bilirdik ki, rəqib cinahlardan yaxşı oynayır. Bu üzdən cinahları bağlamağa çalışdıq. Komandamız Qəbələdə keçirilən ilk matçdan daha yaxşı oynadı. İlk qol epizodunu yaratdıq, penalti qazandıq. Təəssüf ki, qol vura bilmədik. Bəlkə də hesabı açsaydıq, oyunun axarını öz xeyrimizə dəyişə, rəqibi tələskənliyə məcbur edib bundan maksimum yararlana bilərdik. Düşünürəm ki, düzgün yoldayıq. Bu rəqiblə onların meydanında başabaş oynamaq futbolçularımız üçün həm də bir təcrübə oldu. Gələcək matçlara daha yaxşı hazırlaşıb, irəli gedə bilərik. Futbolçularımız çox yaxşı oynadılar. Onların hamısı istəkli idi, qələbə qazanmaq istəyirdi. Belə qarşılaşmada meydanı qol vurmadan tərk etməyimiz bir az üzücü oldu. Oyunçularımız çox əziyyət çəkdilər. Ən sevindirici məqam isə odu ki, düzgün oynamağa çalışdılar, həm rəqibə imkan vermədilər, həm də top bizdə olanda düzgün qərarlar qəbul etdilər”.
Facebook-da paylaş